Quliyeva Pərvanə Cavanşir qızı Səməd Vurğun adına Sumqayıt Mərkəzi Kitabxanasının fəal oxucusu, 28 nömrəli məktəbin məzunudur.
Utana- utana bir yazısını göstərdi, düşüncələrimdir,- dedi.
Düşüncə trayektoriyası,paralelgəzişmələri marağımı çəkdi. Kövrək addımlarını atan Pərvanənin essesini hər zaman istedadlı gənclərə yol verən “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirəm.
Hafiz Ataxanlı
Bir günah işləndi… Bütün bəşəriyyət bundan nəsibini aldı. Geriyə yalnız qaranlıq qaldı – bəlkə də cəhənnəm.
Bəziləri geridə qaldı, hər zamankı kimi. Digərləri arxasına baxmadan qaçdı – yenə də hər zamankı kimi. Birini öldürərək həyatdan qopardılar, digəri isə qaçaraq ruhunu şeytana təslim etdi. Dünya, geridə qalanların və qaçanların cəhənnəminə çevrildi. İnsanlar bir sual qarşısında qaldı: Şeytan olacaqlarmı, yoxsa yenə susaraq hər şeyə gözmü yumacaqlar?
Ruhunu iblisə satmış hər kəs başqalarına cənnətdən bəhs etsə də, reallıq tamamilə fərqli idi. Reallıq bəzən bir bıçaq olub insanı kəsirdi, bəzən də bütöv bir cəmiyyətin ölüm səbəbinə çevrilirdi. Dünya həqiqətə ağladı, insanlar isə yaşananlara güldü.
Bir cinayət işləndi… Qabil Habili öldürdü. Bu, sadəcə bir qardaşın qardaşına qıyması deyildi. Bütün aləm buna səssiz qaldı. İblislər insanların itaətkar varlıq olmadığını gördülər və hakimiyyətlərini onların üzərində qurmağa davam etdilər. Əsrlərdir ki, bu belədir və görünür, hələ də bitmir. Qabilin Habili öldürməsi ilə qısqanclıq doğruluğu, ədaləti məhv etdi. Bəlkə də, bütün pisliklərin bünövrəsi o an qoyuldu.
Həyat, əslində, iradəsi zəif olanların imtahan meydanıdır. Hüseyn Cavid “İblis” əsərində çox gözəl qeyd etmişdi:
– İblis nədir?
– Cümlə xəyanətlərə bais…
– Bəs hər kəsə xain olan insan nədir?
– İblis!
Bəli, iblis yalnız bir mifoloji varlıq deyil. O, insanın içində gizlənən, hər zəif anında qələbə çalmaq istəyən bir qüvvədir. Tarixin əvvəlində qoyulan bu qaranlıq bünövrə əsrlər boyu dəyişmədən davam edir. Qabilin cinayətindən bu günümüzə qədər insanlıq gah sükutla, gah da biganəliklə iblisin hökmranlığını gücləndirib.
Və sual hələ də açıqdır: İnsan öz daxilindəki iblisi məğlub edə biləcəkmi, yoxsa hər dəfə yeni bir Qabil doğulacaq?..