1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi-siyasi təməlini qoymaqla, insan hüquq və azadlıqlarının təminatında yeni mərhələ açdı. Bu sənədin qəbulundan sonra vətəndaşların hüquqi statusu beynəlxalq standartlara uyğun şəkildə müəyyənləşdirildi, dövlətin əsas vəzifələrindən biri kimi insan və vətəndaş hüquqlarının qorunması konstitusion səviyyədə təsbit olundu. Xüsusilə 1998-ci il, 2002-ci il, 2009-cu il, 2016-cı il və 2024-cü ildə keçirilmiş referendumlarla Konstitusiyaya edilən dəyişikliklər bu prinsiplərin praktik reallaşmasını daha da gücləndirdi.
Politoloq Züriyə Qarayeva bu sözləri News365.az-a açıqlamasında deyib.

Ən mühüm irəliləyişlərdən biri hüquq və azadlıqların məhkəmə müdafiəsi mexanizmlərinin genişlənməsi oldu. Konstitusiya Məhkəməsinin fəaliyyəti, vətəndaşların birbaşa müraciət hüququ, Ombudsman institutunun yaradılması və elektron ədliyyə sisteminin tətbiqi hüquqi dövlətin formalaşmasına xidmət edən əsas vasitələrə çevrildi. Bu sistem vətəndaşların hüquq pozuntularına qarşı daha çevik və şəffaf müdafiə imkanları yaradıb.
Siyasi və sosial hüquqlar sahəsində də mühüm dəyişikliklər müşahidə olunur. Söz, mətbuat və dini etiqad azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyəti institutlarının formalaşması, qadın və gənclərin ictimai-siyasi proseslərdə aktiv iştirakı Konstitusiyanın verdiyi hüquqi zəmanələrin nəticəsidir. Seçki sistemində beynəlxalq prinsiplərə uyğunlaşdırma, gender bərabərliyi siyasətinin güclənməsi və sosial rifah sahəsində həyata keçirilən islahatlar vətəndaş hüquqlarının praktik icrasını möhkəmləndirib.
Eyni zamanda, Konstitusiyanın 12-ci maddəsində təsbit olunmuş “insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması dövlətin ali məqsədidir” prinsipi son illərdə aparılan hüquq-məhkəmə və idarəetmə islahatlarının əsas istiqamətini müəyyən edib. Rəqəmsal idarəetməyə keçid, şəffaf sosial xidmət platformalarının (ASAN Xidmət, DOST Mərkəzləri və s.) yaradılması vətəndaş məmnunluğunu və dövlətə etimadı artıran real addımlardır.
Ümumilikdə, Konstitusiyanın qəbulundan ötən dövrdə Azərbaycanda hüquqi dövlətin əsasları möhkəmlənib, vətəndaşların hüquq və azadlıqlarının təminatında institusional və normativ mühit xeyli inkişaf edib. Bu, həm demokratik idarəetmə modelinin təkmilləşməsi, həm də hüquqi düşüncənin cəmiyyətdə formalaşması baxımından mühüm tarixi nailiyyətdir.