“Humanitar Tədqiqatlar” İctimai Birliyi yeni layihənin icrasına başlayıb.
“Humanitar Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Mehriban Məmmədovanın saytımıza verdiyi məlumata görə, “Müharibədən zərər çəkmiş regionda gənclərin ətraf mühitin mühafizəsində rolunun artırılması” layihəsi Ağdam, Bərdə, Tərtər, Qazax və Tovuz rayonlarının ərazisini əhatə edəcək:
“4 ay davam edəcək layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin məqsədi müharibədən zərər çəkmiş regionda ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, həll yollarının tapılması, icma üzvü olan gənclərin ekoloji maarifləndirilməsi, qərar qəbuletmə prosesində iştirakının təmin olunması, ekoloji bərpa layihələrində fəal rol almasına dəstək verməklə ətraf mühitin mühafizəsinə nail olmaqdır. Layihə çərçivəsində region gənclərinin ekoloji bilgisinin artırılması ilə mövcud ekoloji problemlərin müəyyənləşdirilərək prioritetləşdirilməsi, icma iştirakçılığının gücləndirilməsi və onların ekoloji bərpa layihələrində fəal rol almasının təşviq edilməsi nəzərdə tutulur”.
M.Məmmədovanın sözlərinə görə, Ağdam, Bərdə, Tərtər, Qazax və Tovuz rayonlarının hər birində bir dəfə olmaqla ekoloji fəal gənclərin iştirakı ilə ictimai müzakirə keçiriləcək: “İctimai müzakirələr yekunlaşdıqdan sonra səsləndirilən fikirlər və təkliflər ümumiləşdiriləcək, müharibənin səbəb olduğu ekoloji problemlər müəyyənləşdirilərək prioritetləşdiriləcək. Həmçinin tükənən və istifadəsi ətraf mühitə ziyan vuran istənilən məhsulun istifadəsi zamanı yaşıl düşüncənin tətbiqi, plastik tullantıların ətraf mühitə vurduğu zərər, tullantıların çeşidlənməsi, idarə olunması ilə ətraf mühitin mühafizəsinin vacibliyi təşviq ediləcək”.