Hindistan ordusu Cammu və Kəşmirin Şopian rayonunda yaranmış toqquşmadan sonra terrorçuların axtarışı ilə bağlı əməliyyat həyata keçirir. Bu barədə “Hindustan Times” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
"Çərşənbə axşamı təhlükəsizlik qüvvələrinin Keller meşələrində əməliyyat başlatmasından sonra Cammu və Kəşmirin Şopian rayonunda toqquşma baş verdi. Hadisədən məlumatı olan insanlar ordu və polisin Şopianın Keller meşələrində birgə əməliyyat başlatdığını və bunun da atışma ilə nəticələndiyini bildirib", - məlumatda deyilir.
İddialara görə, artıq 3 terrorçu öldürülüb.
Xatırladaq ki, Hindistan bir neçə gün öncə Pakistan ərazilərini bombalayıb. Belə ki, əvvəlcə Hindistanın Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirməsini və "Sindur" əməliyyatının başladığını elan etdi. Pakistan ordusu isə Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib. Pakistanın müdafiə naziri onu da bildirib ki, Hindistan hücumları dinc sakinlərin ölümünə səbəb olub. Onun sözlərinə görə, "Sindur" əməliyyatı zamanı zərbələr yalnız mülki hədəflərə endirilib.
Pakistan isə buna “Bunyan-un- Marsus" adlandırdığı əməliyyatla cavab verib. Bu termin Qurandan götürülüb və möhkəm, vahid quruluş deməkdir. Bütün bunlara səbəb 22 apreldə "Kəşmir Müqaviməti" döyüşçüləri Cammu və Kəşmir ştatlarında hindistanlı turistlərə atəş açması oldu. Hadisədə 30 nəfər, o cümlədən Hindistan Hərbi Hava Qüvvələri və Donanmasının zabitləri həlak olublar. Sağ qalanların ifadəsinə görə, hücum edənlər ad və dini mənsubiyyəti soruşaraq qeyri-müsəlmanları güllələyiblər.
Tural