Şimali Koreya Ukraynada ölən əsgərlərini DƏFN ETDİ

Şimali Koreya Ukraynada ölən əsgərlərini DƏFN ETDİ
16:31

KXDR-in mərkəzi televiziyası Ukraynadakı döyüşlərdə həlak olan Şimali Koreya əsgərlərinin dəfn mərasimini nümayiş etdirilib.

News365.az xarici mətbuata istinadən xəbər verir ki, görüntülər Rusiya ilə tərəfdaşlığın ildönümünə həsr olunmuş konsert zamanı yayımlanıb.

Kim Çen In milli bayraqlarla örtülmüş tabutların yanında dayanıb.

Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin məlumatına görə, Rusiya ilə “hərtərəfli strateji tərəfdaşlıq” haqqında sazişin bağlanmasının ildönümünə həsr olunmuş konsertdə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova da iştirak edib. Tamaşaçılara Şimali Koreya və Rusiya hərbçilərinin döyüş əməliyyatları bölgəsində birgə görüntüləri də nümayiş etdirilib.

Cənubi Koreya kəşfiyyatı qeyd edir ki, KXDR hərbi əməliyyatlar nəticəsində 600-ə yaxın itki verib, lakin konsert zamanı itkilərin dəqiq rəqəmləri açıqlanmayıb. Eyni zamanda, kəşfiyyat xidmətlərinin nümayəndələri və bir sıra Qərb mənbələri 2025-ci ilin yanvar-mart ayları arasında Şimali Koreyanın itkilərinin 4700 ölü və yaralı olduğunu iddia edir.

“Yonhap”ın xəbərinə görə, dövlət televiziyası da ilk dəfə olaraq Kim Çen Inın Kursk bölgəsini “azad etmək” üçün hərbi planları təsdiqlədiyi anı nümayiş etdirib. Onun əməliyyatlarda strateji iştirakının təsdiqi kimi 22 oktyabr, 12 və 22 dekabr 2024-cü il tarixlərində çəkilişlər göstərilib.

ABŞ, Cənubi Koreya və Ukrayna rəsmiləri daha əvvəl Şimali Koreyanın payızda Rusiyaya 10-12 min əsgər göndərdiyini iddia edib. Mart ayında Cənubi Koreya ordusu KXDR-in bu ilin əvvəlində Rusiyaya əlavə 3000 əsgər göndərdiyini bildirib. İddialara görə, Rusiya təzminat olaraq Şimali Koreyaya hava hücumundan müdafiə sistemləri, elektron müharibə avadanlığı, pilotsuz uçuş aparatları və kəşfiyyat peyklərinin orbitə buraxılması üzrə texnologiya verib.


Sizin reklam burada
Sizin reklam burada