Prezident İlham Əliyev: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik”
26 İyun – Azərbaycan Respublikasının Silahlı
Qüvvələri Günü – Azərbaycan xalqı və dövləti üçün mühüm əhəmiyyət daşıyan
tarixi bir gündür. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının rəsmi
ildönümü kimi qeyd olunur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə –
1918-ci il iyunun 26-da – ilk dəfə olaraq Milli Ordu yaradılmışdır. Bu,
müstəqil Azərbaycanın ilk nizami hərbi birləşməsinin əsasının qoyulduğu gündür.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası da bu
tarixi ənənəyə əsaslanaraq, 26 iyun tarixini Silahlı Qüvvələr Günü kimi qeyd
etməyə başlamışdır. 1998-ci ildə isə bu tarix Prezidentin sərəncamı ilə rəsmi
dövlət bayramı kimi təsdiq olunmuşdur.
1991-ci ildə müstəqilliyini bərpa edən
Azərbaycan Respublikası, çətin geosiyasi və hərbi-siyasi şəraitdə öz silahlı
qüvvələrini yaratmağa başlamışdı. Lakin bu prosesin ilkin mərhələsi nizamsız,
zəif strukturlaşmış və təcrübəsiz kadrlarla müşayiət olunurdu. 1990-cı illərin
əvvəllərində ölkədəki siyasi qeyri-sabitlik, torpaq itkisi və hərbi
idarəetmədəki boşluqlar vəziyyəti daha da çətinləşdirirdi. Azərbaycan Milli
Ordusunun formalaşması, müstəqil dövlətimizin suverenliyinin və ərazi
bütövlüyünün təmin edilməsində mühüm rol oynamışdır. Xüsusilə 1993-cü ildən
sonra, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ordu
quruculuğunda yeni və keyfiyyətcə daha yüksək bir mərhələ başlanmışdır. Məhz
belə bir dövrdə Ulu Öndər Heydər Əliyev ordunun yenidən təşkili və
möhkəmləndirilməsi üçün strateji və ardıcıl addımlar atdı. Hərbi idarəetmə
sisteminin mərkəzləşdirilməsi və gücləndirilməsi təmin edildi. Zabit və əsgər
heyətinin peşəkarlıq səviyyəsi artırıldı, hərbi təhsil müəssisələri yenidən
təşkil olundu. Ordunun maddi-texniki bazası, silah və sursatla təminatı ciddi
şəkildə gücləndirildi. Əsgərlərin sosial müdafiəsi sahəsində mühüm qərarlar
qəbul edildi.
Göründüyü kimi,
Azərbaycan Milli Ordusunun formalaşması prosesi çoxmərhələli və tarixi
əhəmiyyət daşıyan bir proses olmuşdur. Bu prosesdə xüsusilə Ulu Öndər Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra başlanan yeni mərhələ, müasir və
peşəkar ordunun əsasını təşkil etmişdir. Ulu Öndər deyirdi: "Güclü ordu –
güclü dövlətin təminatıdır". Bu strateji yanaşma nəticəsində Azərbaycanın
müstəqilliyini qorumaq və ərazi bütövlüyünü bərpa etmək qabiliyyətinə malik
güclü, müasir bir ordu formalaşmışdır. Onun qoyduğu ordu quruculuğu ənənələri bu
gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Ordunun
müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki
təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və
dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli
maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan
öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu
əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın
alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr
imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Müasir tələblərə cavab
verən hərbi quruluş formalaşdırılır, hərbi idarəetmə sistemləri modernləşdirilir.
Yerli istehsal və xarici tərəfdaşlıq yolu ilə müasir döyüş texnikası, pilotsuz
uçuş aparatları (PUA), artilleriya sistemləri və digər hərbi avadanlıqlar
ordunun ixtiyarına verilir. Hərbçilərin peşəkarlıq səviyyəsinin artırılması
məqsədilə təlimlər, beynəlxalq təcrübə mübadiləsi və hərbi təhsil
müəssisələrinin səviyyəsinin yüksəldilməsi həyata keçirilir. Hərbçilərin
yaşayış şəraitinin yaxşılaşdırılması, ailə üzvlərinə sosial təminatlar və
müvafiq dəstək tədbirləri daim diqqətdə saxlanılır. Müntəzəm olaraq
genişmiqyaslı təlimlər keçirilir ki, bu da şəxsi heyətin praktiki bacarıqlarını
təkmilləşdirməyə və ordunun döyüş hazırlığını yüksək səviyyədə saxlamağa xidmət
edir. Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər, bu
sahəyə yönələn diqqət və vəsaitlərin nə qədər məqsədyönlü və səmərəli olduğunu
bir daha sübut etdi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə misilsiz şücaət
göstərərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyev
ordumuzun gücü haqqında demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki,
istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı,
müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının
gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə
asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin
tərkib hissəsidir”.
Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu strategiyası,
xüsusilə Türkiyə Silahlı Qüvvələri modelinin tətbiqi, Azərbaycanın müasir və
çevik orduya sahib olması məqsədi daşıyır. Türkiyə ordusunun modul əsaslı,
çevik və bölmələrə əsaslanan komanda-struktur modeli Azərbaycan Silahlı
Qüvvələrində də mərhələli şəkildə tətbiq olunur. Bu, operativ qərarvermə və
çevik döyüş imkanlarını artırır. 44 günlük Vətən müharibəsində olduğu kimi,
hazırda da xüsusi təyinatlılar əsas rol oynayır. Türkiyənin komando və elit
hərbi hissə hazırlığına bənzər şəkildə bu sahəyə böyük önəm verilir. Azərbaycan
və Türkiyə mütəmadi olaraq birgə hərbi təlimlər keçirirlər. Bu təlimlər həm
koordinasiya qabiliyyətini artırır, həm də ortaq hərbi doktrinanın
formalaşmasına şərait yaradır. Müdafiə sənayesində əməkdaşlıq sayəsində
Türkiyədən müasir texnologiyaların (PUA-lar, raket sistemləri, rabitə texnikası
və s.) əldə olunması Azərbaycan ordusunun imkanlarını ciddi şəkildə artırır.
Türkiyə modelinə uyğunlaşdırılan doktrina müasir döyüş şəraitində həm müdafiə,
həm də hücum qabiliyyətlərinin optimal balansını təmin edir. Prezident İlham
Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu strateji istiqamət, təkcə Azərbaycan
ordusunun modernləşməsini deyil, eyni zamanda Azərbaycan-Türkiyə hərbi
ittifaqının daha da möhkəmlənməsini təmin edir. Bu da bölgədə sülhün və
təhlükəsizliyin əsas dayaqlarından birinə çevrilir.
26 İyun-Silahlı Qüvvələr Gününün əhəmiyyəti
Vətənə xidmət edən əsgər və zabitlərə dərin ehtiramın ifadəsidir. Ordunun
gücünü və qüdrətini nümayiş etdirmək, onu dəstəkləmək və ruhlandırmaq üçün bir
vasitədir. Xüsusilə 2020-ci ildəki Vətən müharibəsindən sonra, bu gün daha da
böyük rəmzi və mənəvi dəyər qazanmışdır. Hər il bu gün münasibətilə Bakı
şəhərində və digər bölgələrdə hərbi paradlar, təntənəli mərasimlər və xatirə
tədbirləri təşkil olunur. Dövlət rəhbərləri, ictimai xadimlər və vətəndaşlar
şəhidlərin xatirəsini anır, orduya dəstək nümayiş etdirirlər.
İyunun 26-sı xalq-ordu
birliyinin, müstəqil dövlətçilik iradəsinin və güclü Azərbaycan Ordusunun
təntənəsidir. Bu gün həm keçmişin qəhrəmanlarına ehtiram, həm də gələcəyə
inamın ifadəsidir. Bu günün qeyd olunması həm tarixi yaddaşın yaşadılması, həm
də müasir ordunun güc və əzm nümayişidir.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə
müdiri