"Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq". Göylə əlləşib, yerdən kömək uman dəmir qanadlı quşun son çırpıntıları, ölümə meydan oxuması bir il əvvəl günümüzün reallığında çevrildi. Həmin an dəmir qəfəsdə son dəqiqələrini yaşayan insanların təsəllisi yalnız bir Azərbaycan qızının "hər şey yaxşı olacaq" kəlmələri oldu.
Sanki həmin gün Hökümə səmaya hökm oxudu. Göylə yer arasındakı məsafədə həyatla ölüm,
işıqla zülmət, ümidlə ümidsizlik mübarizə aparırdı. Yerdən ayağı üzülüb göylə əlləşən insanlar ölümün caynaqlarında bir tükdən asılı qalmışdılar. Bu qaçılmaz faciədə çıxış yolu yox idi. Xeyirli səhərdə yola çıxan insanların son dayanacağı ünvan ölüm oldu. Həmin gün neçə evə, ailəyə od düşdü. Neçə arzular yarım, neçə sevgilər nakam, neçə ümidlər göydən enib yerdə can verdi. Hər şeyin yaxşı olacağı ümidi ilə son ana kimi inamını itirməyib ölümün gözünə dik baxaraq mübarizə apardı cəsur Azərbaycan qadını. Xain, xəbis planlardan xəbərsiz Hökümə öz peşəsini şərəf, ləyaqət və igidliklə yerinə yetirdi. Onun səsində titrəyiş, həyacan, narahatlıq və kövrəklik hiss olunsa da, təsəllini şərik qoşmuşdu. Cəmi 5-10 dəqiqə sonra öləcəyini bildiyi halda onlarla insana ümid, inam hissi bağışladı. Qəzaya uğramış təyyarədə ümidsizlik içində çarpışan insanlara həyat dolu səslə inam toxumu səpərək əsl qəhrəmana çevrildi. Dəhşətli təyyarə qəzasında həlak olan Hökümə Əliyeva göyləri seçmişdi, göylərə də ucaldı.
Bir ildir onun səsi yaddaşımıza hopub, dediyi kəlmələri şüara çevrilib. Günahkarlar günahlarını bəzən dolayı, bəzən də aşkar şəkildə etiraf etsə də, biz heç vaxt ümidimizi üzmədik. Qətiyyətli Azərbaycan dövləti, öz prinsipiallığı və söz sahibi olmağı ilə dünyada sevilən Prezident İlham Əliyevin düzgün siyasi xətti ilə hər şeyin yaxşı olacağına inandıq. Hadisənin baş verdiyi ilk dəqiqələrdən dövlət başçımızın münasibəti bu inamı daha da alovlandırdı.
Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburq şəhərində keçirilən MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün yola düşmüşdü. Rusiya hava məkanında olarkən baş vermiş faciə haqqında məlumat alan ölkə başçısı dərhal geri, Vətənə dönmək barədə tapşırıq verib. Əlbəttə ki, bu, bir dövlət başçısının məsuliyyət hissi ilə yanaşı, xalqına, millətinə və dövlətçilik ənənələrinə sadiqliyi, sədaqəti idi. İstər xoş, istərsə də ən çətin məqamda xalqının yanında olan Prezident İlham Əliyev həmin gün bir daha sübut etdi ki, onun üçün insan faktoru, milli təəssüb bütün amillərdən ucadır.
Həllə təyyarədə olarkən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlar verdi. Vətənə dönən Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili müşavirə keçirdi. Hadisə yerində fəaliyyət göstərən komissiyanın faciənin başvermə səbəbləri barədə ictimaiyyətə məlumat verilməsi barədə tapşırıq verdi. Hadisənin motivləri və hansı səbəbdən baş verməsi haqqında müxtəlif mülahizə və müzakirələr getsə də ünvan dəqiq idi. Suçlu suçunu etiraf etməsə də, zamanla Azərbaycan dövlətinin qətiyyətli və prinsipial mövqeyi qarşısında aciz duruma düşdü. Bir neçə ay əvvəl neçə boynu bükük dayandığının və hadisədə günahkar tərəf kimi yalnız sözlə deyil, jest və davranışlarla da etiraf etdi. Artıq bir il ötüb. Bu gün həmin müdhiş faciənin baş verdiyi gündür. Unutmamışıq və heç zaman da unutmayacağıq.
Dünyada təyyarə qəzaları bu və ya digər səbəblərdən çox olub. Bəzisində insan itkisi çox, digərində daha az olub. Əlbəttə ki, burada əsas səbəblərdən biri də ilk növbədə pilotların peşəkarlığı öz rolunu oynayıb. Bakı-Qroznı təyyarəsini idarə edən hər iki pilot-İqor Kşnyakin və Kalyaninov Aleksandr sözün əsl mənasında peşəkarlıq göstəriblər. Hər iki pilot insan itkisinin çox olmaması üçün canları bahasına bütün mümkün vasitələrdən istifadə edərək son ana kimi mücadilə aparıblar. Təyyarənin ekipaj üzvlərinin peşəkarlığı sayəsində, qaydalara əməl olunması və ehtimallardan istifadə edilməsi insan itkisinin yarıbayarı az olması ilə nəticələndi. Onlar təyyarəni dənizə də sala bilırdilər. Lakin bu halda faciənin miqyası daha böyük olacaqdı. Ona görə də boş sahəyə enməyi daha məqsədəuyğun hesab etdilər. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhifəsində özünə yer aldı. Qədirbilən dövlətimiz və Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində qəhrəman pilotlarımıza və qorxmaz stüardessa Hökümə Əliyevaya ölümündən sonra Milli Qəhrəman adı verildi. İndi onların məzarı ziyarət məskəninə çevrilib.
Xain və xəbis niyyətlərini heç cür yeridə bilməyənlər hadisə baş verən zaman müxtəlif bəhanələr səsləndirsələr də keçərli olmadı. Onlar gah hava şəraitinin pis olmasını, gah da təyyarənin quş sürüsü ilə toqquşmasını əsas gətirməyə çalışsalar da həqiqət artıq məlum idi. Yerdəki pislikləri göylərə daşımaq və günahsız quşları da öz günahlarına şərik qoşmağa çalışsalar da bu, baş tutmadı. Azərbaycan dövləti hər zaman həqiqətin, ədalətin carçısı olub. Odur ki, heç vaxt doğrunu pisliklərinizlə ört-bastır etməyə çalışmayın.
Bu gün Azərbaycan səması bütün dünyaya öz qapılarını açıb. Azad, abad, yenidən cənnətə dönən Qarabağdan salamlayır cahanı. Biz, dövlət, xalq olaraq sülh və barışıq tərəfdarı olduğumuz üçün dünyadan da tələbimiz məhz budur.
Ramidə YAQUBQIZI