Göygöldə qaçırılan 22 yaşlı qızın ailəsi kömək istəyir YENİLƏNİB

Göygöldə qaçırılan 22 yaşlı qızın ailəsi kömək istəyir YENİLƏNİB
08 Apr 2025 17:27

Göygöl rayonunun Hacıməlik qəsəbəsində 22 yaşlı Briliant Həsənova naməlum şəraitdə qaçırılıb. İddialara görə, o, evlənmək məqsədilə aparılıb.

News365.az xəbər verir ki, hadisə gənc qızın nənəsi ilə birgə yaşadığı evin qarşısında baş verib. Bildirilir ki, Briliant qırmızı rəngli “Prius” markalı avtomobilə mindirilərək aparılıb.

Artıq beş gündür ki, ondan heç bir xəbər yoxdur. Yaxınlarının sözlərinə görə, Briliantın Salyan rayonuna aparıldığı deyilsə də, onu kimin və hansı məqsədlə qaçırdığı hələlik məlum deyil.

Qaçırılan qızın nənəsi Vəsilə Həsənova hadisə ilə bağlı danışaraq göz yaşları içində kömək istəyib:

“Üç aylığından o uşağı mən saxlamışam. Balama anasının-atasının etmədiklərini etmişəm. Xahiş edirik, səsimə səs verin. Beş gündür uşağımı aparıblar. Mənə onu göstərmirlər. Apardığı oğlan yalandan deyir, guya nənəsi qoşub. Mən onu nə görmüşəm, nə də tanıyıram. Salyan hara, mən hara? Evdən çölə çıxa bilmirəm.”

Qeyd edək ki, Briliant Həsənova Gəncə Tibb Kollecinin I kurs tələbəsidir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır və gənc qızın axtarışları davam etdirilir.

***11:10

Göygöldə 22 yaşlı qız itkin düşüb.

News365.az-ın məlumatına görə rayonun Hacıməlik kənd sakini, 2003-cü il təvəllüdlü Briliant Həsənova evdən çıxıb və geri qayıtmayıb. Onun yaxınları məsələ ilə bağlı polisə məlumat veriblər. Hazırda B.Həsənovun axtarışları davam edir.

Faktı Daxili İşlər Nazirıiyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan da təsdiqləyiblər.

İlkin versiyaya görə B.Həsənova ailə qurmaq məqsədi ilə rayonlardan birinə qaçırılıb.

Həsənovanın ata və anası işləmək üçün Rusiyada yaşayırlar. Qız Göygöldə nənəsi ilə qalır.


Sizin reklam burada
Sizin reklam burada