Prezident İlham Əliyev: “İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər”
Azərbaycan dövləti tərəfindən gənclər
sahəsində görülən işlər müsbət nəticələr vermişdir. Gənc kadrların
potensialının istifadə olunması həmişə prioritetlərdən biri olmuşdur. Ulu öndər
Heydər Əliyev gənclərə olan dövlət diqqətini və hüquqlarını önə çəkərək,
gənclərin fəaliyyətinin artması və potensiallarının reallaşması üçün müntəzəm
olaraq şərait yaratmışdır. Bu siyasətin davamı olaraq, Heydər Əliyev tərəfindən
gənclərlə bağlı xüsusi qanun qəbul edilmişdir. Azərbaycanda gənclər siyasətinin
hüquqi əsaslandırılması, bu sahəyə olan dövlət diqqətinin və gənclərin
fəaliyyətinin rəsmi şəkildə irəliləməsini göstərir. Müxtəlif dövlət
orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə
Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və
İdman Nazirliyi yaradılmışdır. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox
sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı
üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini,
habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Gənclər dövlət
strukturunda əhəmiyyətli rola malikdir. Gənclərin dövlətçilik məsuliyyətini
dərk etməsi və milli ideologiyaya bağlılığı da xüsusi vurğulanmalıdır. Heydər
Əliyev tərəfindən yaradılan milli liderlik ideologiyası gəncləri
istiqamətləndirib. Gənclər öz fəaliyyətləri ilə Azərbaycan dövlətinə xidmət
etməyə can atırlar. Ulu Öndər tərəfindən 2 fevral 1997-ci il tarixində
imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında
ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə
başlanıb. Bu gün, gənclərin cəmiyyətdəki rolunu vurğulamaq, onların
potensialını və fəaliyyəti ilə bağlı ictimaiyyətdə müsbət dəyişikliklərə
töhfələrini qeyd etmək məqsədini güdür. Bu günün qeyd olunması zamanı müxtəlif
tədbirlər, konfranslar, seminarlar, idman yarışları və mədəni proqramlar təşkil
olunur. Gənclərin yaradıcı ideyalarını reallaşdırmaları, müxtəlif layihələrdə
iştirak etmələri və aktiv vətəndaş kimi cəmiyyətə xidmət etmələri təşviq edilir.
Eyni zamanda, Gənclər Günü gənclərə dövlət tərəfindən göstərilən dəstəyin,
onların sosial və iqtisadi inkişafının, həmçinin təhsil imkanlarının
artırılmasının bir göstəricisidir. Bu gün gənclərin milli dəyərlərə
bağlılığını, vətənpərvərlik hissini gücləndirmək və onların uğurlarını qeyd
etmək üçün əhəmiyyətli bir platforma yaradır.
Bu gün
Prezident İlham Əliyev gənclərə müstəsna dəstək verir və onların inkişafını
prioritet məsələlərdən biri kimi qeyd edir. Dövlət başçısının gənclərə yönəlmiş
siyasəti, onların təhsil alması, iş imkanlarının artırılması, eləcə də
innovativ layihələrə dəstək verilməsi məqsədini güdür. Gənclərin fəaliyyətini
dəstəkləmək məqsədilə bir sıra təşəbbüslər həyata keçirilmişdir. Məsələn,
gənclər evlərinin tikintisi, Azərbaycan dövlətinin gənclərə prioritet verdiyini
nümayiş etdirir. Bu evlərdə gənclərin bir araya gəlməsi, yeni ideyalarla çıxış
etməsi və milli düşüncələrinin inkişaf etdirilməsi gənclərin cəmiyyətə
inteqrasiyasını gücləndirir.
İdman
sahəsində də Azərbaycan gəncləri dünya miqyasında öz sözlərini deyirlər.
Dövlətin gənc idmançılara göstərdiyi diqqət, onların uğurlarında mühim rol
oynayır. Bakı-2015 Avropa Oyunları zamanı gənclərin könüllü fəaliyyətləri, bu
oyunların keçirilməsindəki töhfələrini açıq şəkildə göstərdi. Eyni zamanda,
COP29 dövründə gənclərimiz yenə də könüllü fəaliyyətlərdə fəal oldular.
Ümumiyyətlə,
Azərbaycan gəncləri dövlətin siyasətinə reaksiya verərək, ölkənin inkişafında
öz töhfələrini verməyə davam edirlər. Onlar fəaldırlar və inanırıq ki,
gələcəkdə də Azərbaycan gəncləri dövlətinin inkişafı üçün əllərindən gələni
edəcəklər. Ali Baş Komandanımızın rəhbərliyi altında gənclərin bu
irəliləyişində davamlılıq olacaqdır.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Bu fondunun yaradılması,
gənclərin fəaliyyətinə yeni bir təkamül vermişdir. Bu fond, gənclərin
layihələrini təqdim etmələrinə və biliklərini artırmalarına imkan tanımışdır.
Gənclər artıq bu fond vasitəsilə müxtəlif layihələr, o cümlədən startaplar və
sosial layihələr həyata keçirərək cəmiyyətə aktiv fərdlər kimi töhfə verməyə
başlayıblar. “Yüksəliş” müsabiqəsinin təşkili, potensial gənclərin aşkar
edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalib gənclər vəzifələrə təyin
olunur, bu da onlara yeni imkanlar yaradır.
Vətən
müharibəsində gənclərin aktivliyi və fəallığı, onların vətənpərvərlik hissini
nümayiş etdirmişdir. Gənclər Vətən müharibəsində öndə getdilər. Azərbaycan
gəncləri Vətən müharibəsində öz milli vətənpərvərliklərini göstərərək, dövlətin
müdafiəsində aktiv iştirak etdilər. Bu gənclər, 20 il ərzində doğulmuş
Azərbaycan gəncləri olaraq, çətin günlərdə öz milli vətənpərvərliklərini
göstərmiş və müharibədə qalib gələn Azərbaycan dövlətinin yanında olmuşlar.
Gənclərin müharibədəki fəallığı, onların vətənə bağlılığını bir daha sübut
edir. Müharibə dövründə gənclərin göstərdiyi fəallığı da qiymətləndirərək,
onların vətənpərvərlik hissini vurğulayır. Prezident İlham Əliyev gənclərin
müstəqil Azərbaycan dövlətinin inkişafında, iqtisadiyyatın modernləşməsində və
sosial sahədəki islahatlarda aktiv rol oynamalarını önə çəkir.
Cənab
Prezidentin gənclərə verdiyi dəstək, onların inkişafına və dövlətə xidmət
etmələrinə imkan yaratdı. Gənclərin cəmiyyətdəki rolu, onların gələcəkdəki
inkişafında və ölkənin inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Prezident
İlham Əliyev demişdir ki, indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir
və gənclər bu imkanlardan istifadə etməlidirlər: “Biz azad ölkədə yaşayırıq,
sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı
olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək
həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir
vermək üçün fəal olmalıdırlar”. Prezident gənclərin beynəlxalq müstəvidə
tanınmasını təmin etmək üçün müxtəlif proqramlar və təşəbbüslər həyata keçirir.
Bu məqsədlə, gənclərin xaricdə təhsil alması üçün müxtəlif dövlət proqramları
mövcuddur. Eyni zamanda, gənclərin təşəbbüslərinə, startaplarına və sosial
layihələrinə dəstək verən fondlar yaradılmışdır.
Azərbaycan
gəncləri dövlətin inkişafında fəal iştirak edirlər. Gənclərin könüllü
fəaliyyəti və sosial aktivlikləri dövlət siyasətinə müsbət təsir göstərir.
Gənclərin gələcəkdə də dövlətin inkişafına töhfə verəcəyi sözsüzdür.
Nəbi Ağayev
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya
İnstitutunun
PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə
müdiri