Noyabrın 30-da ABŞ və Ukrayna nümayəndə heyətləri Floridada bir araya gələrək müharibənin gələcək trayektoriyasını müəyyənləşdirəcək bir sıra mühüm mövzuları müzakirə edib. Lakin görüşdən yekun razılıq əldə olunmayıb və əsas diqqət Qərb tərəfindən Ukraynaya verilə biləcək təhlükəsizlik zəmanətlərində toplanıb.
“The Wall Street Journal”ın məlumatına görə, görüş zamanı Ukraynanın seçki perspektivləri, ərazi məsələləri, Donbasdan çıxış strategiyası və Kiyevə təqdim olunacaq təhlükəsizlik təminatları əsas müzakirə mövzusu olub.
Politoloq Züriyə Qarayeva News365.az -a bildirib ki, ABŞ tərəfindən təklif olunan paket daha çox siyasi xarakter daşıyır, Kiyev isə Rusiyanın təhdidlərini nəzərə alaraq hüquqi və kollektiv təhlükəsizlik mexanizmlərinin tətbiqini tələb edir.

Bu, tərəflər arasında strateji fikir ayrılığını ortaya qoyur və danışıqların əsas “çatışmaz nüvəsi” kimi qalır.
Görüşdə Rusiya ilə mümkün “ərazi mübadiləsi” ssenarisi də müzakirə olunub ki, bu da Vaşinqton üçün geosiyasi riskləri azaltmaq məqsədini daşıyır. Lakin Ukrayna üçün ərazi bütövlüyü məsələsi həssasdır və daxili siyasətdə ciddi etirazlarla qarşılanır. Kremlin Donbas və Krım da daxil olmaqla işğal edilmiş ərazilərin beynəlxalq tanınmasını tələb edib-etməyəcəyi hələlik qeyri-müəyyən qalır.
Dörd saatdan çox davam edən görüş zamanı Marko Rubio “mürəkkəb, lakin irəliləyiş var” deyə açıqlama verib, Trampın xüsusi elçisi Stiv Vitkoff və Jared Kuşner isə danışıqları davam etdirmək məqsədilə Rusiyaya yollanıb. Bu, Vaşinqtonun həm Kiyevə, həm də Moskvaya paralel təzyiq mexanizmləri qurmaq niyyətini göstərir.
Ümumilikdə, Floridadakı görüş Qərbin siyasi-funksional yanaşması ilə Ukraynanın hüquqi və real təhlükəsizlik zəmanətləri istəyi arasındakı uçurumu ortaya qoydu. Ərazi məsələlərinin müzakirəyə gətirilməsi isə danışıqların daha gərgin mərhələyə keçə biləcəyinə işarədir.