FHN əhaliyə MÜRACİƏT ETDİ

FHN əhaliyə MÜRACİƏT ETDİ
10:33

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə News365.az-a nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, Hilli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-dək güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı və bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilib.


Sizin reklam burada
Sizin reklam burada