Ermənistanda “erməni soyqırımı“ müzakirəsi Türkiyənin əlini gücləndirə bilər

Ermənistanda “erməni soyqırımı“ müzakirəsi Türkiyənin əlini  gücləndirə bilər
16 Apr 2024 13:58

"Ermənistanda “erməni soyqırımı” ilə başlayan müzakirələr Türkiyənin əlini gücləndirə bilər. Ermənistan parlamentinin komitə sədri və hakim partiyanın üzvü Andranik Koçaryan “soyqırıma məruz qalan 1.5 milyon erməninin ad və soyadlarının müəyyənləşdirməliyik” deyib."

Politoloq Elxan Şahinoğlu bunu news365.az-a bildirib.

"Bu yeni mövzudur. Necə ki, Rusiyada Vladimir Jirinovsi Kreml sahibi Vladimir Putinin danışan dili idi, eləcə də, Andranik Koçaryan baş nazir Nikol Paşinyanın danışan dilidir, ya onun düşüncələrini erməni cəmiyyətinə ilk söyləyənlərdəndir, ya da liderinin söylədiklərini əsaslandırır. Andranik Koçaryan “soyqırıma” məruz qalanların siyahısını hazırlamadıqları halda Türkiyənin “soyqırım olmayıb” arqumentindən heç zaman xilas olmayacaqlarını bildirib. Andranik Koçaryan bu mövzu haqda danışarkən, İsraili misal çəkib. İsrail İkinci Dünya Müharibəsində soyqırıma məruz qalan yəhudilərin siyahısını tərtib etməyə müvəffəq olub. Bunun sadə izahı var, yəhudi soyqırımı məlum fakt olduğundan öldürülən şəxslərin müəyyənləşdirilməsi mümkün olub. “Erməni soyqırımında” istifadə edilən rəqəmlər isə şişirtmədir, əks halda ermənilər də yəhudilər kimi siyahı tərtib edə bilərdilər. "

Politoloq əlavə edib ki, bütün hallarda Paşinyan komandasının “soyqırım siyahısı” barədə yanaşması erməni cəmiyyətində və erməni diasporunda ikitirəlik yaradacaq:

"Ermənilər siyahı tərtib edə bilməyəcəklərini yaxşı anlayırlar, buna rəğmən, onların bir hissəsi “soyqırım” təbliğatı kampaniyasından əl çəkmək istəmir. Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyən Nikol Paşinyan isə “soyqırım” mövzusunun onun Ankara ilə danışıqlarda manevr imkanlarını məhdudlaşdırdığını anlayır. Çünki, Ankara İrəvanla danışıqların sonrakı mərhələsində onunla münasibətləri normallaşdırmaq istəyən Paşinyan hökumətindən “soyqırım” təbliğatından imtinanı da tələb edəcək. Ermənistandakı radikal qüvvələr üçün isə Türkiyə əbədi düşməndir. Bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyindəki vəzifəsindən istefa verən Edmon Marukyan “soyqırıım” təbliğatından imtinanın Türkiyənin işinə yarayacağını bildirib. Marukyan “siyahı” mövzusunun müzakirəsinin ermənilər üçün zərərli olduğunu vurğulayıb. “Bu mövzunun müzakirəsini dayandırmaq lazımdır” deyən Marukyan Türkiyənin tələsinə düşəcəkləri barədə xəbərdarlıq edib. Marukyan bu mövzunun müzakirəsinin həm də ona görə əleyhinədir ki, 30-a yaxın dövlət “erməni soyqırımını” tanıyıb. Yəni Marukyan demək istəyib ki, “soyqırımla” bağlı müzakirələr Ermənistanda genişlənərsə, bu “erməni soyqırımını” tanıyan dövlətləri də pis vəziyyətə salacaq. Türkiyənin yeni arqumenti bu ola bilər: “Ermənistanda son müzakirələr də göstərir ki, soyqırımla bağlı heç erməni cəmiyyətində yekdil fikir yoxdur, öldürüldükləri iddia etdikləri barədə məlumatları yoxdur, çünki olmayan hadisəni reallıq kimi qələmə verməyə çalışırlar”.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər