Ermənistanın dini idarəçiliyində və kilsələrin təsir dairəsində uzun illərdir davam edən ziddiyyətlər yenidən gündəmə gəlib.
Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında Ermənistan Apostol Kilsəsinin tarixi və siyasi proseslərdə oynadığı rol, həmçinin kilsə daxilindəki strukturlar və mövcud problemlər barədə diqqətçəkən fikirlər səsləndirib.

Alıoğlu bildirib ki, dünyada xristianlığı dövlət səviyyəsində qəbul edən ilk ölkə olması ilə fəxr edən Ermənistan, əslində, xristian aləmində ayrıca bir qollanma kimi qəbul olunur. Onun sözlərinə görə, Katolik, Pravoslav, Nestorian və digər xristian yönlərinin heç biri Ermənistan kilsəsinin dini baxışlarını qəbul etmir və onları əsas xristian təlimindən uzaqlaşmış hesab edir.
Politoloq qeyd edib ki, hazırda dünyada dörd fərqli erməni kilsəsi mövcuddur:
Erməni Katolik Kilsəsi (az saylı ardıcılları var),
Kilikya Kilsəsi,
Xaricdə fəaliyyət göstərən erməni katolik icmaları,
və ən təsirlisi – Eçmiədzindəki Ermənistan Apostol Kilsəsi.
Onun sözlərinə görə, bu kilsələr arasında ən aqressiv və siyasi proseslərə ən çox müdaxilə edən Eçmiədzin rəhbərliyidir.
Alıoğlu indiki katolikos II Qareginin seçilməsi ilə bağlı ciddi sualların olduğunu da bildirib:
Seçkidə 93 nəfər səs verməli olduğu halda, cəmi 63 nəfər iştirak edib və onların 14-ü Qareginin qohumları olub. Hətta onun doğma qardaşı da lehinə səs verib ki, bu da kilsə nizamnaməsinə ziddir. Politoloqa görə, bu fakt seçkinin “qanunsuz və saxta” olduğunun göstəricisidir.
Ekspert daha sonra vurğulayıb ki, Ermənistan Apostol Kilsəsi uzun illər ərzində Azərbaycanın ərazilərinin 20%-nin işğalını açıq şəkildə dəstəkləyib, buna “xeyir-dua” verib. Bu gün isə Baş nazir Nikol Paşinyan kilsənin təsirini qıra bilmədiyi üçün ciddi daxili qarşıdurma yaşanır.
Elçin Alıoğlu deyir ki, Ermənistan kilsəsi dövlət içində dövlətdir və tarix boyu siyasi proseslərə təsir göstərib, “süni soyqırımı abidələrinin” ucaldılmasından tutmuş “Böyük Ermənistan” ideologiyasının formalaşmasına qədər bir çox istiqamətdə aparıcı rol oynayıb.
Politoloqun fikrincə, bu səbəbdən Ermənistan real mənada stabil və müasir dövlət quruculuğunu həyata keçirə bilmir, çünki kilsə siyasi idarəetmənin önündə duran əsas maneələrdən biridir.