Xəbər verdiyimiz kimi, dünən “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında zorakılıqla saxlanılıb. Bu gün isə məlum olub ki, Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb. Maraqlıdır ki, Rusiyanın azərbaycanlılara qarşı anormal siyasəti, hüquq-mühafizə orqanlarının yayılan videolardakı vəhşi davranışları Ermənistan mediasında fərqli şəkildə, sevinc və dezinformasiyaalrla qarşılanır. Məsələn, "Mamul" nəşri yazıb ki, Şahin Şıxlinski guya diaspor rəhbəri deyil, qatı cinayətkardır.
"Azərbaycanlı "avtoritet" (?) Yekaterinburqda həbs edildi. Telegram kanalları onu cinayətkar aləmin nümayəndəsi kimi təqdim edirlər. Şıxlinskinin mindiyi avtomobil “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanıldı. İnternetdə yayılan saxlanılma görüntülərində təhlükəsizlik qüvvələrinin avtomobilin şüşələrini sındıraraq kişini maşından çıxarması əks olunub".
Xatırladaq ki, iyunun 27-də Rusiya təhlükəsizlik qüvvələri Yekaterinburqda mütəşəkkil cinayət işində şübhəli bilinən azərbaycanlıları saxlayarkən nümayişkaranə şəkildə onlara qarşı vəhşicəsinə davranıblar. Nəticədə saxlanılanlardan ikisi - Ziyəddin və Hüseyn Səfərov qardaşları müəmmalı şəkildə dünyasını dəyişdi. Onların nəşi artıq Vətənə gətirilib və tibbi ekspertiza zamanı məlum olub ki, hər iki şəxsə qarşı inanılmaz dərəcədə işgəncələr verilib və vəhşicəsinə döyülüblər. Onlar aldıqları ağır bədən xəsarətlərindən dünyasını dəyişiblər. Rusiya İstintaq Komitəsi isə gülməli açıqlama yayaraq bildirib ki, onlardan biri guya sadəcə ürək çatışmazlığı nəticəsində dünyasını dəyişib, ikincinin ölüm səbəbi isə hələlik "müəyyənləşdirilir".
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərini “qəbuledilməz zorakılıq” adlandırıb və həbs zamanı yol verilən qanun pozuntularını araşdırılmasını tələb edib. Nazirlik Rusiyanın Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokova da sərt etiraz edib. Bundan sonra "Sputnik Azərbaycan"ın iki əməkdaşı saxlanılıb. Rusiya XİN- isə Azərbaycan səfirini nazirliyə dəvət edərək etirazını bildirib. Gün ərzində Rusiyada azərbaycanlılara qarşı vəhşi davranışlarla müşahidə olunan saxlanılma prosesləri daha da genişləndi. Azərbaycanda xeyli sayda cinayətkar dəstə üzvü olan Rusiya vətəndaşları da saxlanılıb. Günün sonunda isə “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında zorakılıqla saxlanılmasını əks etdirən görüntülər yayıldı.
Tural