Yaxın illərdə Yaxın Şərqdə geosiyasi vəziyyətin daha da mürəkkəbləşəcəyi gözlənilir.
Bu barədə politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, proseslərin başlanması çətin olsa da, bir sıra aktorlar qərar verməkdə tərəddüd edir və bu da konkret addımların atılmasını ləngidir.

Politoloq qeyd edib ki, nəzəri baxımdan İsrail və İran müəyyən məqamlarda ortaq maraqlara malik ola bilərdilər. Belə ki, hər iki tərəf ərəb ölkələrinə qarşı hücumların baş verməsini istəməyən mövqe sərgiləyə bilər. Lakin mövcud şəraitdə bu ssenari real görünmür.
Ekspert vurğulayıb ki, ərəb ölkələrinin İrana qarşı mümkün koalisiyaya qoşulması onların uzun illər formalaşdırdıqları siyasi ritorikaya ziddir. Bu addımın ərəb dünyasında ciddi rezonans doğuracağı və həmin ölkələrin İsraillə eyni cəbhədə çıxış etməsi kimi qiymətləndiriləcəyi bildirilir.
“Bu, həm də panərəb və panislam ideyaları ilə uyğun gəlmir və bölgədə siyasi dialoqun sarsılmasına səbəb ola bilər”, – deyə o əlavə edib.
Politoloqun fikrincə, qeyd olunan səbəblərə görə ərəb ölkələri mümkün hərbi əməliyyatlarda birbaşa və açıq şəkildə iştirak etməkdən çəkinəcəklər.