Elon Mask
deyir ki, 2036-cı ildə pul əhəmiyyətini itirəcək.
Bu həqiqətənmi
belə olacaq?
Mövzu ilə
bağlı danışan iqtisadçı Eldəniz Əmirov
deyir ki, Elon Muskın son müsahibəsinə baxdım:
“Adam yenə də
ictimai diqqəti üzərinə çəkəcək və öz maraqlarına xidmət edə biləcək kifayət qədər
iddialı fikirlər səsləndirdi.
İndi onun səsləndirdiyi
fikirlərdən 3 əsas fikri ayırıb, nə qədər real ola biləcəyini yazacam.
Mask deyir
ki, 5 il ərzində süni intellekt bütün insanların ümumi intellektini üstələyəcək.
Doğrumu
deyir ? Baxaq.
Əvvəla onu
deyim ki, "bütün insanların ümumi intellekti" anlayışının elmi ölçüsü
yoxdur. Düzdür, onsuz da süni intellekt artıq bir çox sahədə insanı üstələyir.
Lakin insan intellekti yalnız hesablama qabiliyyəti deyil ki. İnsan
intellektində yaradıcılıq, sosial intuisiya, emosional zəka və fiziki dünya ilə
qarşılıqlı əlaqə kimi önəmli şeylər var. Ona görə də müəyyən sahələrdə Maskla
razılaşsam da, ümumi mənada bu ifadəni təsdiqləmək hələ mümkün deyil.
Sonra Mask
deyir ki, yaxın 10 ildə insanların AI üzərində tam nəzarəti saxlamaq ehtimalı
aşağıdır.
Əslində, bu
heç Elon Muskın öz fikri deyil, başqalarının fikirlərinin təkrarıdır. Çünki
artıq 1 ilə yaxındır ki, OECD, DB və BMT Aİ-nin sürətli inkişafı idarəetmə və tənzimləmə
riskləri yaratdığını, mövcud hüquqi mexanizmlərin isə bu inkişaf tempindən geri
qaldığını öz hesabatlarında yazırlar.
İndi gəldik
müsahibənin əsas yerinə. Hansı ki, onun bu müsahibədə öz məqsədlərinə xidmət edəcək
əsas fikri məhz pulla bağlı idi. O deyir ki, 2036-cı ildə robotlar bolluq
yaradacaq və pul əhəmiyyətini böyük ölçüdə itirəcək.
Bu fikir
kökündən cəfəngiyatdır. Robotlar məhsuldarlığı ciddi artıra bilər. Amma məgər pul
təkcə istehsalın nəticəsidir ki?! Əlbəttə yox. Pul resursların bölüşdürülməsidir.
Pul mülkiyyət hüquqlarıdır. Pul torpaq və enerji kimi məhdud resursların qiymətləndirilməsi
alətidir. Pul xidmətlərin mübadiləsi üçün lazımdır və s. Odur ki bu gün dünyada
mövcud olan reallıqlar qarşısında pulun əhəmiyyətini itirməsi heç yaxın 100 ildə
mümkün deyil. Bunun üçün planetdə başqa şərtlər bərqərar olmalıdır.
Bəs, Elon
Mask bunları bilmirmi? Əlbəttə bilir. Sadəcə o, bu cür proqnozlarla insanların
gələcəklə bağlı gözləntilərinə təsir göstərməyə çalışır və bu yanaşma dolayısı
ilə onun uzunmüddətli biznes maraqlarına da xidmət edir.
Əlqərəz, həmişə
dediyimi yenə də təkrarlayıram ki, Elon Muskın ən böyük üstünlüyü super
texnologiya yaratması yox, davranış iqtisadiyyatını və insan psixologiyasını
çox yaxşı bilməsidir. Onun topladığı sərvətdə bu bacarıq texnaloji bacarığından
qat-qat fayda verib ona.
Ümumiyyətlə,
bu gün dünyada böyük sərvət qazanmaq üçün iqtisadiyyatı yaxşı bilmək artıq
vacib deyil. Ən vacib olan insanların nəyə inanacağını, hansı xəbərin diqqət çəkəcəyini
və hansı fikrin kütləni hərəkətə gətirəcəyini daha yaxşı bilməkdir”.
News365.az