Jurnalist Azər Rəşidoğlu efirdə peşə etikası və neytrallıq prinsiplərinin pozulması ilə bağlı diqqətçəkən paylaşım edib. O, aparıcının respondentlə həmsöhbət olarkən obyektivliyi qorumalı olduğunu vurğulayıb.
News365.az xəbər verir ki, tanınmış jurnalist öz sosial şəbəkə hesabında televiziya aparıcılarının peşə standartlarına riayət etməsinin vacibliyini qeyd edib.
A. Rəşidoğlu bildirib ki, jurnalist istədiyi sualı ünvanlamaq hüququna malik olsa da, efirdə hökm verən tərəf kimi çıxış etməməlidir:
"Respondentin rəqibini sualın içində 'şərəfsiz' və 'ləyaqətsiz' adlandırmaq artıq sual vermək deyil, mövqe nümayiş etdirməkdir. Jurnalistin işi tərəflərdən birinə epitet vermək yox, faktları və mövqeləri üzə çıxarmaqdır. Televiziyaya uzun illərini vermiş bir şəxsdən peşə etikasına daha həssas yanaşma gözlənilir."
Jurnalist əlavə edib ki, illərin təcrübəsi ilk növbədə neytrallıq, sözə məsuliyyət və peşə standartlarına sadiqliklə özünü göstərməlidir. Onun sözlərinə görə, ekranda emosiyalar deyil, məhz peşəkarlıq danışmalıdır.