Dünya İqtisadi Forumunun Davosda keçirilən illik toplantıları müasir beynəlxalq münasibətlər sistemində təkcə iqtisadi müzakirə platforması deyil, eyni zamanda qlobal siyasi gündəmin formalaşdığı strateji məkan kimi çıxış edir.
Bu barədə politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Davos Forumu dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların rəhbərlərini, transmilli şirkətlərin CEO-larını və aparıcı ekspertləri bir araya gətirməklə qlobal qərarların qeyri-rəsmi, lakin təsirli koordinasiya mexanizmini yaradır.
Politoloq qeyd edib ki, forumun əsas əhəmiyyəti qlobal çağırışlara uyğun geniş və çoxtərəfli müzakirələrin aparılması ilə bağlıdır. Xüsusilə son illərdə ticarət müharibələri, regional münaqişələr və enerji təhlükəsizliyi problemləri fonunda Davos platforması tərəflər arasında dialoqun qorunub saxlanılması baxımından mühüm rol oynayır.
A.Qurbanova vurğulayıb ki, Davos Forumu eyni zamanda inkişaf etməkdə olan ölkələr üçün milli maraqlarını qlobal auditoriyaya çatdırmaq baxımından vacib imkanlar yaradır.
“Nəticə etibarilə, qlobal qeyri-müəyyənliyin artdığı mövcud mərhələdə Davosda aparılan müzakirələr beynəlxalq proseslərin istiqamətini anlamaq və gələcək trendləri proqnozlaşdırmaq üçün xüsusi strateji əhəmiyyət daşıyır”, – deyə politoloq əlavə edib.