Boşananların sayı hər il artır. Bu isə cəmiyyətdə müxtəlif fikirlərin formalaşmasına səbəb olur. Bəziləri hesab edir ki, qadınlar aliment alıb sərbəst yaşamaq üçün boşanır, digərləri isə boşanmaların əsas səbəbkarı kimi kişiləri göstərir və sair fikirlər səsləndirilir. Bəs boşanmaların kökündə nə dayanır? Niyə Azərbaycanda boşanma sayı artıb? Köklü səbəb olmadan boşanmaq istəyənlər üçün yüksək məbləğdə cərimə tətbiq olunmalıdırmı? Məsələn, xəyanətə görə də ailələr dağılır. Amma xəyanət edən şəxs cəzalandırılmır.
Xəyanət kimi halların qarşısını almaq üçün cərimə mexanizmlərinin tətbiqi mümkündürmü?
Sosioloq Mail Yaqub deyib ki, Azərbaycanda son illərdə boşanmaların sayı kəskin şəkildə artıb.
Onun sözlərinə görə, hətta hazırda bir il ərzində nikaha daxil olanların sayına nisbətdə boşanmaların göstəricisi təxminən 50 faizə çatır:
“Şübhəsiz, bu o demək deyil ki, həmin ildə nikaha girənlərin 50 faizi boşanıb. Ümumilikdə, bir il ərzində qeydə alınan nikahların sayına nisbətdə boşanmaların göstəricisi 50 faizə yaxınlaşır. Ola bilər ki, beş il, on il əvvəl ailə quran insanlar indi boşanıblar. Bu, ayrı məsələdir. Əslində bu, sosioloji fenomendir. Sosiologiyada belə qəbul olunur ki, hər hansı bir sosial hadisə baş verirsə, onun yalnız bir səbəbi olmur. Bəzən 10, hətta 20 müxtəlif səbəb birləşərək həmin nəticəni meydana gətirir. Yəni bir neçə faktor eyni vaxtda təsir göstərir və nəticədə müəyyən sosial hadisə ortaya çıxır. Bu gün Azərbaycanda boşanmaların sayının artması da belə hallardandır. Bunun bir neçə səbəbi var. Mənə görə əsas səbəb psixoloji amillərlə bağlıdır. İndiki cütlüklər ailə qurarkən əvvəlki nəsillər kimi düşünmürlər. Məsələn, ötən əsrin 70-80-ci illərində qurulan ailələrlə müqayisədə bu gün insanların həyata baxışı fərqlidir. Müasir ailələrin baxış bucağı daha həssas və kövrəkdir”.
Sosioloqun fikrincə, indiki cütlüklərin əksəriyyəti bəzən çox kiçik incikliklər səbəbindən belə boşanma qərarı verə bilir:
“Bu, çox vacib məsələdir. Onlar bir-birinin xarakterinə dözümlə yanaşmağı bacarmırlar. Bəyin və ya xanımın xarakterində olan kiçik bir çatışmazlıq belə boşanmaya səbəb ola bilir. Bu, çox ciddi problemdir və buna diqqət yetirilməlidir. Mən bunu əxlaqi və psixoloji amillər kimi qiymətləndirirəm. Mövcud məsələnin aradan qaldırılması üçün geniş maarifləndirmə və təbliğat aparılmalıdır. İnsanlara izah edilməlidir ki, ailə bir, üç, beş günlük münasibət deyil. Ailə ömürlük münasibətdir və insan buna hazır olmalıdır. İstər xanım, istər bəy qarşı tərəfin müəyyən çatışmazlıqlarına dözümlə yanaşmağı bacarmalıdır”.
Mail Yaqub bildirib ki, əgər ortada ciddi səbəblər – xəyanət, fiziki zorakılıq, mənəvi və psixoloji təzyiq yoxdursa, ailəni qorumaq daha doğru yanaşmadır:
“Uzunmüddətli və dözülməz zorakılıq, əlbəttə, ciddi səbəbdir. Amma “filan söz mənim xətrimə dəydi”, “filan məsələ xoşuma gəlmədi” kimi səbəblərlə boşanmağa getmək düzgün deyil. Müasir sosioloqlardan biri – Antoni Giddens bu barədə maraqlı fikir səsləndirir. O deyir ki, müasir ailələr bu məsələyə çox romantik yanaşırlar. İnsanlar istəyirlər ki, evlənməzdən əvvəl bir-birini necə sevirdilərsə, ailə qurduqdan sonra da həmin hisslər dəyişmədən qalsın. Halbuki həyatın reallığı fərqlidir. Sevgi zamanla müəyyən mənada adiləşir, insanlar bir-birinə alışır, birlikdə həyat qururlar. Bunu cəmiyyətə izah etmək lazımdır. Ailədə ilkin emosional hisslərin zamanla dəyişməsi boşanma üçün əsas səbəb ola bilməz. Onsuz da cütlüklər zaman keçdikcə bir-birinə alışır və münasibətlər daha fərqli mərhələyə keçir. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən isə boşanmalara səbəb olan ciddi amillər də mövcuddur. Məsələn, fiziki və mənəvi zorakılıq, davamlı xəyanət və sair hallar. Bunlar artıq ciddi səbəblər hesab olunur. Üçüncü mühüm səbəblərdən biri isə laqeydlikdir. Yəni ortada açıq zorakılıq olmasa da, tərəflər bir-birinə qarşı sayğısız və laqeyd davranır, bir-birini nəzərə almır. Bu vəziyyət uzun müddət davam etdikdə, təbii olaraq boşanmalara gətirib çıxara bilir”.
Müsahibimiz xanımların sırf aliment almaq məqsədilə boşanması ehtimalını isə çox zəif hesab edir:
“Çünki Azərbaycanda alimentin məbləği o qədər də yüksək deyil. Hazırda minimum aliment məbləği təxminən 260 manatdır. Düşünmürəm ki, hər hansı bir qadın yalnız bu məbləğə güvənərək boşanmaq və övladını böyütmək barədə fikirləşə bilər. Cərimə tətbiqi məsələsinə gəlincə isə, qeyd edim ki, bir müddət əvvəl mənim adımdan bəzi fikirlər yayılmışdı, amma həmin fikirlər mənim dediklərim kimi təqdim olunmamışdı. Mən demişəm ki, Azərbaycanda mövcud hüquqi mexanizmlər tam uyğun deyil. Hesab edirəm ki, boşanma hüquqi baxımdan bu qədər asan və əlçatan olmamalıdır. Mövcud qanunvericilik istər kişi, istərsə də qadın üçün boşanma prosesini kifayət qədər sadə edir. Mən isə düşünürəm ki, bu məsələ müəyyən qədər yenidən nəzərdən keçirilməlidir”.Globalinfo.az