"Dairələrdən əsas tələbimiz müraciətlərin ciddi araşdırılmasıdır" -MSK sədri

"Dairələrdən əsas tələbimiz müraciətlərin ciddi araşdırılmasıdır" -MSK sədri
05 Sen 2024 19:39

Milli Məclisə seçkilərlə bağlı daxil olan müraciətlərin hüquqi əsası olmalıdır. Seçki dairələrindən bizim əsas tələbimiz müraciətlərin gecikdirilmədən ciddi araşdırılmasıdır.

Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 5-də keçirilən iclasında səsləndirib.

MSK sədri bildirib ki, müraciətlərə Seçki Məcəlləsinin tələblərinə və MSK-nın təlimatına uyğun olaraq qanun çərçivəsində baxılacaq.

Müraciətlərə poçt ştampı olduğu təqdirdə baxılacağını vurğulayan M.Pənahov əlavə edib: “Dairə Seçki Komissiyaları (DSK) müraciətləri 3 gün müddətində araşdırıb bizə göndərəcək. İddiaçının müraciətin nəticəsindən razı qalıb-qalmamağı başqa məsələdir. Araşdırılmalar şəffaf aparılmalıdır. Kim istəsə, həm DSK-da, həm də MSK-da müraciətlərin araşdırılması prosesində iştirak edə bilər”.

O, həmçinin əlavə edib ki, müraciətlər gün ərzində iş vaxtı bitənədək MSK-ya göndərilməlidir.