Çətin və mürəkkəb imtahan stereotipi DAĞILIR

Çətin və mürəkkəb imtahan stereotipi DAĞILIR
16 Apr 2024 21:44

Ortada qürurla baxdığımız bir tablo var: XI siniflərin buraxılış imtahanlarında 53 abituriyent maksimal nəticə ortaya qoydu. Uzun illər idi, tək-tük belə nəticələr görərdik. Ya da heç görməzdik, içimizdə bir bədbinlik başlayardı. Sanki gəncliyin potensialı zəifləmiş, oxumaq həvəsi tükənibmiş kimi! Artıq rekord nəticələr var. İctimai rəydə xoş bir həyəcan, nikbinlik yaranıb.  Əvvəlki illərin imtahan nəticələri ilə bağlı mənfi emosiyaların doğurduğu yorucu gərginlik azalmağa doğru gedir.    

Konkret görünən budur ki, abituriyentlərin biliyinin test edilməsində dəyişiklik yelləri əsir.

“Builki buraxılış imtahanları asan idi” mülahizələrini imtahandan çıxan uşaqların gülən üzü, üstəlik, onların hazırlıq müəllimlərinin çevik rəyi artıq formalaşdırmağa başlamışdı. Hətta ictimai nəqliyyatda da qulağa bu mövzuda xoş pıçıltılar dəyirdi. Bu, nəticələrə dair müsbət proqnozlara əsas verirdi. Proqnozlar dəqiq təsdiqini tapdı.   Ötən illərin məzunlarının yaşadığı streslə müqayisədə ortaya çıxan həqiqət bu idi: DİM xofu artıq dağılır! 

İllərdir, formalaşan stereotip belə idi: Dövlət İmtahan Mərkəzi imtahanları son dərəcə çətin keçirir. “Niyə çətin keçirir” sualı həmişə aktuallığını qoruyub saxlayırdı. Gileylərə  baxmayaraq, DİM özünəməxsus ənənəsini heç cür dəyişmirdi.       

Məntiqi suallarla həddindən artıq yüklənmə, baş açmaq mümkünsüz olan müxtəlif sual tipləri, birdən-birə çoxsaylı açıq suallara keçid DİM-in imtahanlarını yeniyetmələrin kabusuna, valideynlərin qorxusuna çevirdi həmişə. İmtahan stresi anlayışı da  ildən-ilə qüvvətləndi, psixoloqların sayı-hesabı da ilbəil artdı... 

Əvvəllər niyə az, indi isə çoxlu gözəl nəticələr var- deməklə qurumu ittiham etmək kimi çıxmasın. Çünki DİM əsas missiyasına heç vaxt xəyanət etməyib; imtahanları şəffaf keçirib; ali məktəblərin qapısını hamının üzünə həmişə açıq saxlayıb. Şagirdi daha çox oxumağa, dayanmadan çalışmağa təşviq edib. 

Hətta etiraflar da eşidilib ki, ölkədə və xaricdə ən nüfuzlu ali məktəblərə DİM-lə qəbul olan abituriyentlər SAT-la qəbul olunanlardan daha savadlıdır. Bu rəy də DİM-in başucalığıdır.  

Fəqət  illərdir, təhsil ictimaiyyətinin dəyişməyən fikri, gənclərin emosional reaksiyaları bundan ibarət idi ki, DİM orta məktəb biliklərinin test edilməsindən kənara çıxır,  imtahanlar kurikuluma mütənasib aparılmır. Məktəb proqramından müəyyən qədər uzaqlaşan DİM sanki alternativ bir təhsil strukturu kimi çıxış edir. Çünki qurum bilikləri  öz vəsaitlərində, suallarında fərqli şəkildə qoyur, şagirdi bu fərqlilik, ifrat qəliz və mürəkkəb yollarla aparır. Summativi əla yazıb DİM-in testlərində, DİM-in testlərini yaxşı yazıb summativdə əziyyət çəkmək halı bu iddianın nə qədər doğru olduğunu  təsdiqləyirdi.

Uzun illər Elm və Təhsil Nazirliyi repititorluğa, üstəlik, ali məktəblərə aşağı balla qəbula görə ictimai tənqid altında qalırdı. Amma kimsə repititorluğu məcburiyyətə daha çox çevirən DİM-i qınamırdı, nə də DİM demirdi ki, burda bəs, onun payı nə qədərdir.  Hansı ki, görünən dağa bələdçi lazım deyildi: DİM-in fərqli imtahan üslubu, buradakı mürəkkəblik davamlı əlavə hazırlıq istəyir. 9-cu sinifdən başlayan hazırlıq isə  maddi yük olaraq hər ailənin qaldıra biləcəyi məsələ deyil, bu baxımdan ali məktəblərə aşağı balla qəbulda DİM az günahkar sayılmamalı idi. Hətta maraqlı idi ki, çətin və dolaşıq sual tipləri imtahanlara DİM-in test topluları ilə yaxşı hazırlaşan abituriyentləri isə 300 bala tam çatmağa qoymur. Sanki onlar olimpiadada yarışırlar. Beləliklə, illərdir, biz buraxılış və qəbul imtahanlarındakı maksimal nəticəni əldə edən uşaqları tək-tük görürdük.    

Hər hansı yaxşı nəticə olmayanda, beyinlərdə “axı niyə” sualının dolaşması normal haldır. Pandemiya və onlayn təhsil zamanı aşağı düşən nəticələr başadüşülən idi. Digər vaxtlarda şagird uğuru 300+400=700 modelinə uyğun gəlməyəndə isə ictimai rəydə şüuraltı  hökm verilir: gənclər oxumur, müəllim öyrətmir, repititor zəifdir, kurslar aldadır və s. Pis həm də odur ki, bu ədalətsiz rəy həmişə təhsili nüfuzdan salan mövqe kimi qabarıb. Uğur qazanmağa müvəffəq uşaqlar isə az deyil. Belə uşaqlar 700 balın astasına çatanda da, ictimai rəydə onlara heç də hamı əl çalmayıb: nə var-nə var nəticə maksimal deyil! Halbuki maksimal nəticənin şagird uğuruna çevrilməsi olduqca çətin olmasaydı, abituriyentlər DİM-dən heç vaxt incik qalmazdı.

Yaxşı ballı uşaqların sayı çox olmayanda, bu fakt  təhsilə inamsızlıq, bədbinlik gətirib, gəncliyin potensialına şübhə yaradıb.  Bu isə əsla yaxşı gedişat deyildi!    

Gedişat dəyişir. Builki nəticələr onu deyir ki, çalışqan abituriyent yetərincə var,  onları üzə çıxaran DİM-in sərt metodikasının artıq bir qədər yumşalmasıdır. Görünən odur ki, DİM indi taktikanı dəyişir: sualları nisbətən asan qoyur, nisbətən tədris biliklərinə uyğunlaşdırır, beləliklə, özünün ali məktəblərə qəbul metodikasının ağır olması ictimai töhmətindən də qurtulmuş olur. Başqa sözlə, abituriyentlərin narazılığı ilə hesablaşır, çətin imtahan inadında davam etmək istəmir.

Səbəbinə gəlincə, bu, təkcə ictimai təzyiq məsələsi deyil. Beynəlxalq hesabatlarda göstərilir ki, pandemiya bütün dünyada təhsilə zərbə vurub, hətta qarşıdakı illərə dair proqnozlar ümidverici deyil. Belə olan halda imtahanları bir az da qəliz metodika ilə aparmaq ölkə təhsilinin imicinə zərbə vurmazmı? Vurar əlbəttə, üstəlik, şagird motivasiyasını da aşağı salar. Onsuz da son iki ildə pandemiya və onlayn təhsil balların kifayət qədər aşağı düşməsinə təsir göstərib. Belə bir xoş olmayan reallıq təbii ki, imtahan sərtliyindən mümkün qədər imtinanı tələb edir. Odur ki, aşağı balların formalaşdırdığı yanlış savadsızlıq təəssüratını DİM və nazirliyin əl-ələ verib birgə dəyişməsindən başqa variant qalmır.      

Daha bir səbəb. Azərbaycanda bu il 3 yeni ali məktəbə qəbul aparılacaq: Qarabağ,   Türkiyə-Azərbaycan və ADA Universiteti nəzdində İtaliya-Azərbaycan universitetləri. Bu universitetlərin çəkisi adında artıq ifadə olunub. Nüfuzluluq faktoruna görə bu ali məktəblər yuxarı nəticəli abituriyent tələb edir.  Riyazi məntiqlə yanaşsaq, 300 bal sayı necə artırsa, paralel olaraq 250 + ballar da artır. Bu halda çoxlu 600-lər,  700-lərin olması da gözləniləndir.         

Bəzi ölkələrin, konkret Türkiyənin təcrübəsinə baxsaq, universitetlərə qəbul nisbətən asan, amma ali təhsil müəssisələrində tədrisin yükünü çəkmək olduqca ağır mexanizm kimi qurulub. Prinsipcə doğru metoddur. Ali təhsil artıq kadr yetişdirir və buradakı tələblərə uyğunlaşıb-uyğunlaşmamaq tələbənin potensialı, intizamı, seçdiyi ixtisas üzrə həvəs və əzminin verəcəyi qərar olur. Ayaqlaşan oxuyur, ayaqlaşmayan ali təhsildən ayrılır. Bəlkə, biz də artıq bu yolla getməyi seçirik?!. 


Youtube kanalımız

Oxşar xəbərlər