Üç gün əvvəl Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs Bakıda xəstəxanada ölüb. Saxlanılan şəxs ötən gecə səhhətində yaranan problemlə bağlı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada vəfat edib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından bildirilib ki, 1977-ci il təvəllüdlü şəxs (kişi) fevralın 3-ü saat 00:10 radələrində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.
"Pasiyentə açıq kəllə-beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, sol gicgah payının beyindaxili hematoması, soltərəfli kəskin subdural hematoma, dislokasion sindrom, sol təpə sümüyünün gicgah sümüyünə dəvam edən xətti sınığı, sol təpə gicgah nahiyəsinin dərialtı hematoması, sol periorbital hematoması diaqnozları təyin edilib.
Sol alın təpə gicgah nahiyədə dekompressiv trepanasiya, sol alın gicgah epidural, sol alın təpə gicgah subdural, sol gicgah payının beyindaxili hematomasının xaric edilməsi, sərt qişanın plastikası üzrə cərrahi əməliyyat icra olunan pasiyentin aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, onun bu gün 01:00 radələrində bioloji ölüm faktı qeydə alınıb”, - məlumatda bildirilib.
15:12
Cəlilabad rayonunun Üçtəpə kəndində qardaşının iki övladını baltalayan kənd sakini Əli Nağıyev ölüb.
News365.az-ın məlumatına görə, Ə.Nağıyevin halı müvəqqəti saxlama yerində pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Ə.Nağıyev xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına - 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır. (Oxu.az)