Sosial şəbəkələrdə məşhur oftalmoloq həkim Cahid Şahbazov haqqında iddialar yayılmaqda davam edir.
News365.az bildirir ki, sosial mediada yayılan görüntülərə əsasən, Cahid Şahbazov tərəfindən əməliyyat olunan bir qadın həkimi onun gözünü zədələməkdə ittiham edib. O, bildirib ki, gözündə ciddi ağrılar olduğu üçün estetik əməliyyat məqsədilə deyil, müalicə üçün həkimə müraciət edib, amma əməliyyat nəticəsində gözünün görməsi itirib: "Sol gözüm iflic olub, tək gözlə yaşamaq istəmirəm."
Şikayətçi, videonun sonunda izləyiciləri Cahid Şahbazova inanmamağa çağırıb və qeyd edib ki, həkim cəzasını çəkməlidir: "Bəlkə də o, başqa bir çox insanı da yanlış əməliyyat edib."
Tanınmış stilist Anar Ağakişiyev də sosial şəbəkədə şikayəti dəstəkləyib: "Eyni vəziyyət məndə baş vermişdi. Allah köməyiniz olsun. Həmin həkimin səhvini düzəltmək üçün xaricdə üç dəfə əməliyyat oldum. Sizi çox yaxşı başa düşürəm. Səhiyyə Nazirliyi nə iş görür?"
Cahid Şahbazov isə sosial şəbəkədə yayımladığı videoda xanımın şikayətini şantaj olaraq qiymətləndirib və əlavə edib ki, bu tələbləri yerinə yetirməyəcəklər: "Yardım istəyərsə, Türkiyədəki müəllimimlə konsultasiya və 3-cü əməliyyat təklif edə bilərik, həmçinin bu əməliyyatı biz də edə bilərik. Bu qadın mənə sosial mediada şantaj edəcəyini dəfələrlə bildirib, bu yazışmalarda qeyd olunub. Buna görə də hüquq-mühafizə orqanlarına müraciət edəcəyik."