Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.
Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir. Hazırda bu istiqamətdə işlər metronun "Elmlər Akademiyası" stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə görülür.
Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən mikromobillik şəbəkəsi uzadılır və hazırda işlər Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsindən İnşaatçılar prospekti ilə kəsişməsinə kimi aparılır.
Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.
Növbəti mərhələdə isə mikromobillik zolaqları İnşaatçılar prospektində təşkil ediləcək və paytaxtın mərkəzi küçələrində mövcud olan zolaqlarla daha bir istiqamətdən əlaqələndirmə təmin ediləcək. Xatırladaq ki, daha öncə bu əlaqələndirmə digər istiqamətdən Mikayıl Müşfiq küçəsi vasitəsilə həyata keçirilib.