Bakının daşınmaz əmlak bazarında torpaq sahələrinin qiymətində nəzərəçarpacaq artım qeydə alınıb. Ən ciddi bahalaşma isə paytaxtın “Ağ şəhər” adlanan ərazisində müşahidə olunur.
Elan saytlarında aparılan müşahidələrə əsasən, bu ərazidə torpağın bir sotunun qiyməti 700 min manata yaxınlaşır. Məsələn, hal-hazırda “Ağ şəhər”də yerləşən 57 sotluq torpaq sahəsi üçün 39 milyon manat qiymət təklif olunur. Bu da hər sotu təxminən 684 min manata satmaq deməkdir.
Əmlak üzrə ekspert Elnur Azadovun fikrincə, bu bahalaşmanın əsas səbəblərindən biri dövlətin “Ağ şəhər” layihəsi çərçivəsində həmin əraziləri vətəndaşlardan satın almasıdır. Onun sözlərinə görə, bəzi mülkiyyətçilər bu vəziyyətdən yararlanaraq torpaq sahələrinin qiymətini süni şəkildə artırırlar.
Ekspert, ümumilikdə paytaxtda torpaq sahələrinin qiymətinə təsir edən digər amilləri də açıqlayıb. O bildirir ki, son illərdə tikinti şirkətlərinin fəaliyyəti nisbətən azalıb, tikinti üçün verilən icazələrin sayı isə düşüb. Bu da əmlak bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib çıxarır.
Elnur Azadov əlavə edir ki, hazırda Bakıda istismar müddətini başa vurmuş və sökülməsi gözlənilən təxminən 16 min bina var. Əgər bu binaların söküntüsünə start verilsə və tikinti şirkətləri yenidən aktivləşsə, torpaq sahələrinə olan tələbat azalacaq. Bu da bazarda qiymətlərin stabilləşməsinə səbəb ola bilər.