"Bakı boşalmalıdır, təkcə gələnlərin qarşısını almaq yetərli deyil" - Turan Rzayevdən mühüm TƏKLİFLƏR

"Bakı boşalmalıdır, təkcə gələnlərin qarşısını almaq yetərli deyil" - Turan Rzayevdən mühüm TƏKLİFLƏR
15:40

Bakı şəhərinin infrastrukturunun və təbii ehtiyatlarının mövcud əhali sayının tələbatını ödəmədiyi artıq hər kəsə məlumdur. Güclü yağışlardan sonra küçələrdə yaranan göllər, hər yay mövsümündə yaşanan su qıtlığı, mənzil bazrasındakı sıxlıq və bitmək bilməyən tıxaclar paytaxtın böyümə sürəti ilə mövcud resursların tərs mütənasib olduğunu açıq şəkildə nümayiş etdirir.

Dövlət bu problemlərin həlli istiqamətində müəyyən addımlar atsa da, paytaxtın iqtisadi və demoqrafik yükünü azaltmaq üçün daha köklü islahatlara ehtiyac var.

Politoloq Turan Rzayev News365.az-a açıqlamasında Bakının əhali sıxlığının aradan qaldırılması və regionların inkişafı üçün effektiv çıxış yollarını təklif edib.


Universitetlərin regionlara köçürülməsi: Tələbə axını necə dayandırılmalıdır?

Politoloqun fikrincə, Bakıda əhalinin artmasına təsir edən ən böyük amillərdən biri ali təhsil müəssisələrinin paytaxtda cəmləşməsidir:

"Hər il minlərlə gənc təhsil almaq məqsədilə paytaxta üz tutur. Onların böyük bir hissəsi məhz Bakıda qalır, işləyir, ailə qurur və burada məskunlaşır. Son zamanlar universitetlərin paytaxtdan regionlara köçürülməsi ilə bağlı irəli sürülən layihələr reallaşarsa, bu, əhali artımına qarşı ən effektiv rıçaq olacaq. Universitetlərin köçürülməsi hər şeydən öncə tələbə axınının istiqamətini dəyişəcək və gələcəkdə gənclərin oxuduqları şəhərlərdə qalıb işləməsinə şərait yaradacaq."


"Mövcud Bakı sakinlərinin də regionlara köçü təmin edilməlidir"

Turan Rzayev qeyd edib ki, sadəcə paytaxta gələnlərin qarşısını almaq bəs etmir, eyni zamanda Bakının mövcud əhalisi də azaldılmalıdır. Son illər məcburi köçkünlərin işğaldan azad edilən ərazilərə qayıdışı çox müsbət və tarixi hadisədir. Lakin həm regionların, həm də azad olunmuş torpaqların tam inteqrasiyası və inkişafı üçün paytaxt sakinlərinin də oraya köçü stimullaşdırılmalıdır.


Vergi güzəştləri və aşağı faizli kreditlər: İnsanları regionlara necə cəlb etməli?

Ekspert Bakıdan regionlara mütəşəkkil köçü təmin etmək üçün hökumətin tətbiq edə biləcəyi iqtisadi mexanizmləri açıqlayıb:

  • Aşağı faizli mənzil kreditləri: Regionlara köçmək istəyən vətəndaşlara çox əlverişli şərtlərlə ipoteka və ya tikinti kreditləri verilməlidir.

  • Sahibkarlıq üçün vergi stimulları: Bölgələrdə iş qurmaq istəyən şəxslərə xüsusi vergi güzəştləri edilməlidir.

  • Sosial təminat: Regionlarda cəlbedici iş yerləri və uyğun yaşayış şərtləri yaradılmalıdır.

"Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, əgər uyğun iqtisadi və sosial şərtlər təklif olunarsa, bu gün Bakıda yaşayan çox sayda insan paytaxtı tərk edərək regionlara köçməkdə maraqlı olar. Hökumətin icra qolu problemləri təhlil edərək, əvvəlki səhvlərdən nəticə çıxarmalı və bu cür yeni addımlarla çıxış etməlidir", — deyə politoloq vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada