“Ötən həftə
ADY-nin rəqəmsal transformasiyası ilə bağlı görüşdə bu məsələlər ətrafında da
fikir mübadiləsi oldu. ADY rəsmilərinin Balakən - Tbilisi dəmir yolu layihəsi
istiqamətində maraqlı açıqlamaları oldu. Görünən odur ki, ADY və hökumətdə
zaman-zaman alternativ olaraq bu layihə nəzərdən keçirilir”.
Bunu News365.az–a açıqlamasında tanınmış
ekspert Osman Gündüz deyib. O bildirib ki, hazırda Azərbaycan dəmir yolunun
şimal-qərbdə son stansiyası Balakəndir:
“Bu stansiya
ötən əsrin 80-ci illərinin əvvəllərində işə salınıb. Xatırlayıram ki, mən o zaman raykom komsomolda
çalışarkən bu xəttin tikintisndə işləmək üçün, köməklik üçün rayon gəncləri də
səfərbər olunardı.
Balakən Dəmiryol
Stansiyasından Gürcüstanla sərhəddəki Siteli-Sigaro Dəmir Yol Stansiyasına qədər
məsafə isə 25-30 kilometrdir. Demək, cəmi 25 km-lik bir dəmir yolu xətti çəkməklə
ölkəmiz Bakı - Balakən –Siteli-Sigaro - Tbilisi (550 km) kimi daha bir
alternativ marşrut əldə etmiş olur.
Düşünrəm ki,
belə bir strateji alternativ xətt yükdaşıma və sərnişindaşımada dayanıqlığın
gücləndirilməsilə yanaşı, həm də regionun inkişafına xeyli müsbət təsir göstərə
bilərdi”.
Müsahibimiz
onu da əlavə edib ki, hazırda Bakı - Balakən marşrutunun Yevlaxadək olan hissəsi
tam işlək vəziyyətdədr:
“Yevlax
–Balakən dəmiyolunun uzunluğu isə160 km-dir. Məhz uzun illər bərbad vəziyyətdə
olan sahə də bu xətt olub. Burada qatarın orta sürəti həmişə 35-40 km/saat
olub. Elə vaxtlar olub ki, mən Şəki Stansiyasında qatardan düşüb Balakənə avtomobillə
getmişəm və daha tez çatmışam.
Hazırda ADY
rəhbərliyi məhz Yevlax-Balakən dəmir yol infrastrukturunun bərpası ilə bağlı
bir neçə dəfə açıqlamalar verib. Ötən görüşdə də bu istiqamətdə işlərin sürətlə
davam etdirildiyi, relslərin dəyişdirildiyi və yol işlərinin aparıldığı
bildirilib. İşlərin başa çatmaqda olduğu bildirilib.
Əslində,
düşünürəm ki, indiki zamanda bu hissədə dəmir yol xəttinin keçdiyi relyefi nəzərə
alsaq daha böyük sürətlərə çatmağı hədəfləmək, mövcud dəmiryol stansiyalarını
tam olaraq yenidən qurmağı planlamaq da doğru olmazdı. Bunlar daha böyük
investisiyalar və daha böyük zaman tələb edərdi.
Fikrimcə
Yevlax-Balakən hissəsində indiki anda 80 km/saat sürət də məqbul ola bilərdi.
Eyni zamanda bu regiondakı yetərincə böyük dəmir yol stansiyalarının əvəzinə də
modul tipli, daha modern, kiçik xidmət mərkəzləri işə salmaq olardı.
Ümid edirəm
yaxın vaxtlara ADY Balakən istiqamətində bərpa işlərini tez başa çatdıracaq və
5 ildir işləməyən Bakı-Balakən dəmir yol marsrutunu işə salacaq”.
News365.az