Almaniyanın yeni kansleri Fridrix Merts yaxın iki gün ərzində Rusiya və Ukrayna arasında uzunmüddətli atəşkəsin əldə olunacağını gözləyir.
"Bild" xəbər verir ki, bu barədə o, Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Merts qeyd edib ki, Rusiyanın elan etdiyi üçgünlük atəşkəs rejimini nəzərə alaraq, onun 30 günə qədər uzadılmasına yüksək ehtimal var və daha sonra sülh sazişi üzrə danışıqlar başlaya bilər.
"Mən çox ümid edirəm ki, bu həftə sonu Ukraynada atəşkəs razılaşması əldə olunacaq", -deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqının üzvləri ABŞ Prezidenti Donald Trampın Ukraynada 30 günlük atəşkəs təklifinə bənzər kommünike layihəsi hazırlayıblar.