Şirkətlər pullarını banklardan niyə geri çəkir?

Şirkətlər pullarını banklardan niyə geri çəkir?
23 Dek 2024 09:39
Son bir ayda Azərbaycanda şirkətlər banklardan 1,8 milyard manatdan çox depoziti geri çəkib.
Bəs, şirkətlər bu qədər pulu banklardan niyə geri çəkib?
Məsələyə iqtisadçı ekspert Eldəniz Əmirov aydınlıq gətirib. News365.az-a açıqlamasında o bildirib ki, adətən dünya təcrübəsində şirkətlər bankalardan pulu geri çəkillərsə, nəzəri cəhətdən bunun bir neçə səbəbi olur:
"Birinci səbəb bank depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişikliklər; ikincisi, devalvasiya ehtimalı; üçüncü, alternativ investisiya imkanları, dördüncü banklara etimadın azalması, beşincisi, faiz dərəcələrinin dəyişməsi; altıncısı, iqtisadi qeyri-müəyyənliklər və nəhayət yeddincisi, nəğdsiz ödənişlər üzrə öhdəlikləri göstərmək olar.
Bu səbəblər arasında depozitləri üzrə gəlir vergisi ilə bağlı dəyişiklikləri, banklara etimadın azalmasını, iqtisadi qeyri-müəyyənlikləri və faiz dərəcələrinin dəyişməsi hallarını birmənalı olaraq istisna edə bilərik.
Amma digər üç səbəbin hər birinin bu azalmada müəyyən qədər payı ola bilər. Hökümətin makroiqtisadi proqnozlarında 2025-ci ildə devalvasiyanın olmayacağına dair gözləntilər olsa da şirkətlər buna tam güvənməyə bilər. Və yaxud şirkətlərin nəğdsiz ödənişlər üzrə (qeyri-rəsmi) öhdəlikləri ola bilər ki, il sonuna bunu ödəmək üçün pulların geri çəkilməsi mümkündür. Həmçinin alternativ investisiya imkanlarının yaranması şirkətləri depozitlərini geri çəkməsinə səbəb ola bilər. Bura ölkə daxilində və xaricində daşınmaz əmlaklar almaq, investisiya yatırmaq, səhm, kriptovalyuta və digər aktivlər üzrə əməliyyatlar da aid ola bilər.
Xülasə, hansı səbəbin daha çox rol oynadığını dəqiq söyləmək üçün depozit geri çəkən şirkətlər və məbləğlər barəsində məlumatlar olmalıdır".
News365.az

Youtube kanalımız