Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR

Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar HƏBS OLUNACAQLAR
13:21

Süni intellektlə qanunsuz, saxta materialların hazırlanıb yayılmasına görə cərimə və digər cəzalar müəyyənləşir.

News365.az-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılan "Media haqqında" və Cinayət-Prosessual Məcəlləsinə, həmçinin Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Sənədə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında, informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qeyd olunur ki, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı baş verdikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə həyata keçirildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə - 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallar hazırlayanlar da cərimələnəcəklər.

Layihəyə əsasən həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası müəyyənləşdirilir.


Sizin reklam burada
Sizin reklam burada