Prezident İlham Əliyev: “Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”
2025-ci ildə Azərbaycanın Türk Dövlətləri
Təşkilatının (TDT) rəsmi Zirvə görüşünə ev sahibliyi etməsi çox böyük siyasi,
diplomatik və strateji əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın təşkilat daxilində
artan nüfuzunun təzahürüdür. Azərbaycan son illərdə TDT-də fəallığı,
təşəbbüskarlığı və uğurlu ev sahibliyi ilə seçilir. Ötən il Şuşada keçirilən
qeyri-rəsmi Zirvə görüşü bu baxımdan nümunə idi. İndi isə rəsmi Zirvə görüşünə
ev sahibliyi etməsi, Azərbaycanın təşkilat daxilində lider mövqeyini və
strateji əhəmiyyətini daha da möhkəmləndirəcək.
Qarabağ və Şərqi Zəngəzurun regional inteqrasiyaya
açılması prioritetdir. Zirvə görüşünün Azərbaycanda keçirilməsi, xüsusilə
post-münaqişə dövründə Qarabağ və ətraf bölgələrin Türk dünyası ilə iqtisadi,
nəqliyyat və mədəni əlaqələrinin dərinləşdirilməsinə xidmət edəcək. Bu,
Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrin gündəlikdə olmasını da
aktuallaşdırır. Azərbaycan bu Zirvə görüşü vasitəsilə təhlükəsizlik, enerji,
nəqliyyat, rəqəmsal transformasiya və gənclər siyasəti kimi sahələrdə yeni
təşəbbüslərlə çıxış edə bilər. Eyni zamanda, təşkilatın institusional inkişafı
və beynəlxalq təsir gücünün artırılması müzakirə mövzusu olacaq.
Bu tədbir Türk dünyasının ortaq tarixi, dili, dini
və mədəniyyətinə əsaslanan həmrəylik və birliyin təntənəsi olacaq. Azərbaycanın
ev sahibliyi bu dəyərlərin təbliği üçün mühüm imkan yaradacaq. 2025-ci ildə
TDT-nin rəsmi Zirvə görüşünün Azərbaycanda keçirilməsi, həm ölkənin
təşkilatdakı mövqeyinin gücləndirilməsi, həm də Türk dünyasının gələcək
strateji yol xəritəsinin müəyyənləşdirilməsi baxımından tarixi və simvolik bir
hadisədir. Bu Zirvə, Azərbaycanın təşəbbüslərinin və Türk birliyinə verdiyi
töhfənin daha bir təzahürüdür.
Çox müsbət haldır ki, mayın 21-də Budapeştdə
keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi
Zirvə görüşündə bu haqda da danışılıb. Prezident İlham Əliyev tədbirdə
çıxışında türk dünyasının gələcəyi ilə bağlı bu və digər məsələrə toxunub.
Dövlətimizin başçısı deyib ki, Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan
Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir: “Hazırda
Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz
Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona
çatacaq.
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət
göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9
beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş
ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo
terminalı inşa edilir”. Göründüyü kimi, Azərbaycan Xəzər hövzəsində ən müasir
və böyük ticarət donanmalarından birinə sahibdir. Donanmanın tərkibində quru
yük gəmiləri, tanker gəmilər, RO-RO və bərə gəmiləri mövcuddur. Bu imkanlar
vasitəsilə Azərbaycan Xəzər üzərindən Türkmənistan, Qazaxıstan və Özbəkistanla
yük dövriyyəsini təmin edir.
Bu sahədı Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
rolu xüsusi vurğulanmalıdır. Ələt limanı Orta Asiya ölkələrinin dünya bazarına
çıxışı üçün əsas qapıdır. Liman multimodal daşımaları (dəniz–dəmir
yolu–avtomobil) həyata keçirmək imkanı yaradır. Liman ildə 15 milyon ton
yükaşırma gücünə və 100,000 konteyner daşıma potensialına malikdir, bu da Türk
dövlətləri üçün sabit və çevik nəqliyyat bağlantısı deməkdir.
Azərbaycan Xəzər dənizi üzərindən keçən Orta
Dəhlizin mühüm bəndidir. Bu dəhliz vasitəsilə Çindən yüklər Orta Asiyaya,
oradan isə Xəzər dənizi ilə Azərbaycana daşınır, daha sonra isə Avropaya çıxış
əldə edilir. Bu marşrut vaxt və məsrəf baxımından səmərəli alternativ kimi
çıxış edir.
Azərbaycan tranzit ölkə kimi Türk dövlətlərinə
dəstək də göstərir. Belə ki, Azərbaycan Qazaxıstan, Türkmənistan və
Özbəkistanın yük daşımalarını Xəzər vasitəsilə həyata keçirmək üçün gəmilər və
liman xidmətləri təqdim edir. Bu ölkələr Azərbaycan ərazisindən istifadə
etməklə qısa və təhlükəsiz ticarət marşrutları qururlar. Ölkəmiz müasir
gəmiqayırma zavodu (Bakı Gəmiqayırma Zavodu) fəaliyyət göstərir və böyük
tutumlu yük gəmiləri burada istehsal olunur. Bu zavod həm daxili tələbatı
ödəyir, həm də region ölkələri üçün potensial xidmət təklif edir.
Azərbaycanın Xəzər dənizində malik olduğu 50-dən
çox ticarət gəmisi və müasir liman infrastrukturu, onu Türk dövlətləri üçün
əsas dəniz tranzit və logistik qovşağa çevirib. Bu, Türk dünyasının iqtisadi
inteqrasiyasına, nəqliyyat təhlükəsizliyinə və Avrasiyanın ticarət əlaqələrinə
mühüm töhfə verir. Azərbaycanın bu sahədəki investisiyaları bölgənin nəqliyyat
gələcəyini formalaşdıran əsas faktorlardandır.
Məlum olduğu kimi, 2024-cü ilin noyabr ayında
Azərbaycanda COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyası keçirilmişdir. Bu mötəbər tədbirin Bakıda
keçirilməsi Azərbaycanın qlobal iqlim gündəmində mühüm yer tutduğunu və
beynəlxalq etimad qazandığını göstərir. Dövlətimizin başçısı çıxışında bu haqda
danışaraq bildirib ki, təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin
noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir: “Hazırlıq
üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil
etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil
edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan
COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu.
Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi.
Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə
maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını
nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il
ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi
barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi”.
COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun təsdiqidir.
COP29-un Bakıda keçirilməsi Azərbaycanı qlobal ekoloji və iqlim proseslərinin
mərkəzinə çıxardı. Bu, Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasətinin
uğurlu nəticəsidir və ölkəyə olan beynəlxalq etimadın göstəricisidir. Bununla
Azərbaycan qlobal iqlim məsələlərində fəal iştirakını bir daha nümayiş etdirdi.
Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizə bərpa olunan enerji yaşıl
iqtisadiyyat və davamlı inkişaf istiqamətlərində konkret təşəbbüslərlə çıxış
edir. COP29 vasitəsilə Azərbaycan qlobal “yaşıl gündəliyə” öz töhfəsini verərək
liderlik nümayiş etdirdi.
Həmçinin Azərbaycan Türk dövlətləri və inkişaf
etməkdə olan ölkələrin səsini çatdırdı. Azərbaycan konfrans zamanı Türk
dünyası, Qafqaz, Orta Asiya və inkişaf etməkdə olan ölkələrin maraqlarını
beynəlxalq tribunalarda ifadə etdi. Bu, COP29-u təkcə iqlim tədbiri deyil, həm
də regional həmrəyliyin platforması halına gətirdi.
“Yaşıl enerji” ölkəsi konsepsiyasının təqdimatı da
əsas diqqət çəkir. COP29 çərçivəsində Azərbaycan öz “yaşıl enerji ölkəsi”
konsepsiyasını təqdim etdi: Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”
elan olunması, bərpa olunan enerji layihələri (külək, günəş, hidro). Bu, həm
daxili inkişaf strategiyasının, həm də beynəlxalq investisiya imkanlarının
tanıdılması baxımından vacib idi. COP29 çərçivəsində yüzlərlə ölkə və təşkilat
nümayəndələri, dövlət başçıları, nazirlər və mütəxəssislər Bakıda bir araya gəldi.
Bu, Azərbaycan üçün regional əməkdaşlığı gücləndirmək, ekoloji diplomatiya
qurmaq və beynəlxalq investisiyaları cəlb etmək baxımından əhəmiyyətli fürsət
oldu. COP29-un Bakıda keçirilməsi Azərbaycanın qlobal iqlim proseslərində
məsuliyyətli tərəfdaşa çevrildiyini sübut etdi. Bu konfrans ölkənin beynəlxalq
nüfuzunu artırmaqla yanaşı, həm də yaşıl inkişaf strategiyasının təqdimatı və
reallaşması üçün unikal platforma oldu. Eyni zamanda, bu hadisə Türk dünyası
üçün də mühüm presedent yaradaraq, region dövlətlərinin qlobal iqlim siyasətinə
çıxışını gücləndirdi. Cənab Prezidentin dediyi kimi, Azərbaycan COP29-da Qlobal
Cənubla Qlobal Şimal arasında körpü rolunu uğurla oynadı. Bu, həm beynəlxalq
dialoqun balanslaşdırılması, həm də iqlim dəyişikliyi məsələlərində həm inkişaf
etmiş, həm də inkişaf etməkdə olan ölkələrin mövqelərinin yaxınlaşması
baxımından çox vacib idi. Azərbaycan, Qlobal Cənub (inkişaf etməkdə olan
ölkələr) və Qlobal Şimal (inkişaf etmiş ölkələr) arasında mövcud fikir
ayrılıqlarını azaltmaq, həmrəylik və qarşılıqlı anlaşma yaratmaq üçün fəal
vasitəçi oldu. Ədalətli maliyyələşmə mexanizmləri: COP29-da Qlobal Cənub
ölkələrinin iqlim dəyişikliklərinə qarşı mübarizədə maliyyə dəstəyinin
artırılması ilə bağlı ciddi qərarlar qəbul edildi. Azərbaycan bu məsələdə
inkişaf etməkdə olan ölkələrin səsini gücləndirdi. Texnologiya transferi və
bilik mübadiləsi: Bakıda texnologiya və iqlim həllərinin daha ədalətli
paylaşılması, xüsusən yaşıl enerji və davamlı infrastruktur sahələrində
əməkdaşlıq genişləndirildi.
Yaşıl inkişaf və adaptasiya tədbirləri: Qlobal
iqlim gündəliyində az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin
adaptasiya qabiliyyətinin artırılması əsas prioritetlərdən biri kimi təsbit
olundu. Azərbaycanın COP29-da körpü funksiyasını yerinə yetirməsi və qlobal
iqlim gündəliyinin razılaşdırılması qlobal səviyyədə iqlim siyasətində ənənəvi
ayrı-seçkiliklərin yumşalmasına, həmçinin daha ədalətli və effektiv əməkdaşlıq
mühitinin yaradılmasına xidmət etdi. Bu, həm Azərbaycanın diplomatik uğuru, həm
də qlobal iqlim mübarizəsində region ölkələrinin mövqeyinin güclənməsi
baxımından böyük əhəmiyyət kəsb edir.
Tür dövlətləri arasında mədəni və mənəvi bağların
möhkəmləndirilməsi önəmli məsələdir. Prezident İlham Əliyev çıxışında xalqların
ənənəvi dəyərlərə sadiqliyini və eyni etnik köklərə malik olmalarını ölkələri
birləşdirən əsas amillər kimi göstərmişdir. O, Türk dünyasının zəngin və qədim
tarixinin, mədəniyyətinin böyük sərvət olduğunu qeyd etmişdir.
Prezident İlham
Əliyevin Budapeştdəki çıxışı, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, üzv
ölkələr arasında əməkdaşlığın genişləndirilməsi və Türk dünyasının birliyinin
möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu çıxış, Azərbaycanın
Türk dünyası ilə əlaqələrinin inkişafına verdiyi önəmi və bu istiqamətdəki
strateji baxışını bir daha nümayiş etdirmişdir.
Aybəniz Rüstəmova,
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent