Azərbaycanın memarlıq üslubuna uyğun olmayan tikililər sökülür

Azərbaycanın memarlıq üslubuna uyğun olmayan tikililər sökülür
02 İyn 2025 14:12

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsünə başlanılıb.

Bu barədə News365.az-a məlumat verən Xankəndi, Ağdərə və Xocalı üzrə Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, bölgədə məqsədsiz və pərakəndə şəkildə salınmış tikililər yerli memarlıq standartlarına və şəhərsalma prinsiplərinə uyğun deyil.

Məlumata görə, söküntü prosesi həm də Xankəndidə inşa olunan Qarabağ Universitetinin böyük kampusunun ətrafında həyata keçirilir. Tikinti normalarına cavab verən binaların isə saxlanılması nəzərdə tutulur.

Xüsusi nümayəndə Elçin Yusubov Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı qeyd edib ki, işğal dövründə aparılan qeyri-qanuni tikinti fəaliyyəti bölgənin memarlıq simasına ciddi zərər vurub:

“Bu tikililər həm keyfiyyətsiz, həm də Azərbaycanın memarlıq üslubuna uyğun olmayan formada inşa olunub. Ona görə də sökülməsi qərara alınıb”.

Yusubovun sözlərinə görə, Xocalının Ballıca kəndində artıq 200 ev bərpa olunub, Talış, Suqovuşan və Həsənriz kəndlərində isə sakinlərin geri qayıdışı təmin edilib. Ağdərənin digər kəndlərində də bərpa və köçürülmə prosesi aktiv şəkildə davam edir.

Köçürülmüş ailələrin məşğulluq məsələləri də diqqət mərkəzində saxlanılır. Ölkə üzrə özəl sektor tərəfindən regiona 45 milyon manata yaxın investisiya yatırılıb, nəticədə çoxsaylı iş yerləri yaradılıb.

Əlavə olaraq bildirilib ki, Xankəndidə sənaye yönümlü emal müəssisələrinin qurulması, Ağdərə və Xocalıda isə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı layihələr planlaşdırılıb. Bu təşəbbüslər bölgədə dayanıqlı həyat şəraitinin və iqtisadi potensialın bərpasına xidmət edir.


Sizin reklam burada
Sizin reklam burada