Rusiyanın Krasnoyarsk Vilayət Məhkəməsi “Şarap Kazanski” ləqəbi ilə tanınan “qanuni oğru” Kazandan olan 43 yaşlı Vladislav Qraçev barəsində hökm elan edib.
News365.az xəbər verir ki, o, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb olunub. Krasnoyarsk həbsxanasına gətirildikdən sonra onun qeyri-qanuni statusu hüquqi qiymətləndirilib və Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (“cinayət iyerarxiyasında ən yüksək mövqedə olmaq”) üzrə cinayət işi açılıb. Maddə üzrə maksimal cəza 15 ilədək azadlıqdan məhrumetmədir.
Çelyabinsk vilayətindəki həbsxanada cəza çəkən Qraçev ümumi qəbul olunmuş davranış qaydalarını rədd edərək cinayət aləminin “ənənə və qaydalarına” sadiq qalmaqla iyerarxiyada ən yüksək mövqeni tutmağa çalışıb.
Onun bu statusu “qanuni oğrular” tərəfindən tanınıb və o, cinayət iyerarxiyasında ən yüksək mövqedə olan şəxs kimi qəbul edilib. Bu, onun dizlərinin altında yerləşən xüsusi döymələrlə də təsdiqlənir. İstintaqın məlumatına görə, Qraçev hüquq-mühafizə orqanlarına da tabe olmayıb.
Qeyd olunur ki, belə statuslara dövlət səviyyəsində qadağa tətbiq edilsə də, o, bundan imtina etməyib. Ulyanovskdan Krasnoyarska qədər müxtəlif həbsxanalarda cəza çəkərkən də öz kriminal təsirini davam etdirib.
İstintaq müəyyən edib ki, o, “kamera”da yeni gələn məhbuslara “qaydaları” izah edir, özü və tərəfdarları barədə danışmağı qadağan edir və itaətsizlik halında cəza ilə hədələyirmiş. O, hətta bir məhkumu açıq şəkildə iyerarxiyada aşağılayaraq öz nüfuzunu nümayiş etdirib.
Məlum olub ki, Qraçevin zorlama nəticəsində yoluxucu xəstəliyə yoluxdurma kimi bir sıra maddələr üzrə silinməmiş məhkumluqları da var.
2009-cu ildə Tatarıstan Ali Məhkəməsi Qraçevi bu cinayətlərə görə 20 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edib. Hazırda o, Krasnoyarsk vilayətindəki müəssisədə saxlanılır.
Dövlət ittihamını şəxsən vilayət prokuroru Roman Tyutyunik müdafiə edib və o, Qraçev üçün xüsusi rejimli həbsxanada 10 il cəza istəyib.
Məhkəmə isə Vladislav Qraçevi təqsirli bilərək əvvəlki cəzasına əlavə olaraq 8 il 6 ay həbs cəzası verib. Nəticədə ümumi cəza 9 il 6 ay müəyyən edilib və əlavə olaraq 1 il azadlığın məhdudlaşdırılması tətbiq olunub. Cəza ciddi rejimli islah müəssisəsində çəkiləcək.