Ankarada 16 il əvvəl öldürülən bir şəxsin qətlini sifariş verməkdə ittiham edilən Barış Mirzə ölkəyə daxil olduqdan sonra saxlanılıb.
News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mirzənin əməliyyatla üzünü dəyişdirdiyi və saç əkdirdiyi müəyyən edilib. Şübhəli yeddi il sonra saxlanılıb.
Belə ki, Ankara Şəhər Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları 2010-cu ildə Yenimahalle rayonunun Demetevler ərazisində 28 güllə ilə avtomobilində öldürülən 26 yaşlı Burak Şenin qatillərinə sifariş verən və yeddi ildir Gürcüstanda qaçaq həyatı yaşayan Barış Mirzənin ölkəyə qayıtdığı barədə məlumat əldə edib.
Əməliyyat zamanı müəyyən edilib ki, Mirzə estetik əməliyyatlar vasitəsilə üzünü dəyişdirərək özünü qardaşına bənzədib və ölkəyə onun şəxsiyyət vəsiqəsi ilə daxil olub.
Saxlanılan şəxsin burun, dodaq və çənə nahiyələrində estetik əməliyyat keçirdiyi, həmçinin saç əkdirdiyi, üzünü dəyişdirərək qardaşına bənzətdiyi və onun sənədlərindən istifadə edərək ölkəyə daxil olduqdan sonra qaçmağı davam etdirməyi planlaşdırdığı məlum olub.
Polisdəki prosedurlar tamamlandıqdan sonra Mirzə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.