Azərbaycanda “Əmək veteranı” adı və vəsiqəsi yaşa görə pensiya hüququ qazanmış və müəyyən meyarlara cavab verən vətəndaşlara təqdim edilir.
News365.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiqlənmiş “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə əksini tapıb.
Qaydalara əsasən, “Əmək veteranı” adı iqtisadiyyatın müxtəlif sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ və Sovet respublikalarının fəxri adlarına layiq görülmüş şəxslərə, keçmiş Sovet respublikalarının Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlara, həmçinin bir sıra orden və medallarla təltif edilmiş vətəndaşlara verilir.
Bundan başqa, Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə təltif olunanlar, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş və əməkdə fərqlənməyə görə orden və medallarla mükafatlandırılmış şəxslər də bu ada iddia edə bilirlər.
Əsasnaməyə görə, uzun illər ictimai əməklə məşğul olan şəxslər də “Əmək veteranı” adı ala bilərlər. Bunun üçün kişilərin 40 ildən, qadınların isə 30 ildən artıq əmək stajına malik olması tələb olunur.
“Əmək veteranı” adı almaq istəyən şəxslər ərizə ilə birlikdə şəxsiyyət vəsiqəsini, yaşa görə əmək pensiyası hüququnu təsdiq edən sənədi və 3x4 ölçüdə iki ədəd fotoşəkli iş yerinə, işləmədikləri halda isə sonuncu iş yerinə təqdim etməlidirlər.
Sənədlər aidiyyəti qurumlarda yaradılmış komissiyalar tərəfindən araşdırılır və komissiyanın rəyi əsasında qərar qəbul edilir.
Müəssisə ləğv edildikdə, son iş yeri qeyri-dövlət müəssisəsi olduqda və ya digər hallarda “Əmək veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Qeyd edək ki, tələb olunan məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunması mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Bu mümkün olmadıqda isə sənədlər vətəndaşın razılığı ilə müvafiq dövlət qurumlarından sorğu əsasında əldə edilir və ya vətəndaş tərəfindən təqdim olunur.