"Azərbaycan xalqı buna layiq olduğunu bütün dünyaya bəyan etdi” - Nigar Məmmədova

"Azərbaycan xalqı buna layiq olduğunu bütün dünyaya bəyan etdi” - Nigar Məmmədova
20 Yan 2025 20:30

35 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının taleyində yeni mərhələ başladı. Öz azadlığı və müstəqilliyi uğrunda mücadiləyə qalxan xalqımız SSRİ rəhbərliyinin əmri ilə Sovet Ordusunun zorakılığı ilə üzləşdi. Belə ki, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt başda olmaqla uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.


News365.az-a açıqlama verən millət vəkili Nigar Məmmədova hesab edir ki, faciəyə aparan yol isə azərbaycanlıların Qərbi Azərbaycandan növbəti kütləvi deportasiyasından, mərkli “miatsum” ideologiyasının fəallaşdığı dövrdən - 1987-ci ildən başlayır. 

"Belə ki, Sovet rəhbərliyi etnik təmizləmə siyasətinin qarşısını almaq əvəzinə Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya, Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan, müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmişdi. Məqsəd xalqın azadlıq və müstəqillik arzularını boğmaq idi."


Nigar Məmmədova hesab edir ki, tətbiq edilmiş fövqəladə vəziyyət haqqında isə əhaliyə məqsədli şəkildə məlumat verilməmişdi.

"Bakı şəhərinin komendantı fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı  kütləvi insan qırğını törədildikdən sonra rəsmən açıqladı. Mərkəzi hakimiyyət informasiya blokadasından istifadə edərək, əsl həqiqəti ört-basdır etməyə çalışdı. Lakin buna nail ola bilmədi. Belə ki, faciənin ertəsi günü - yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bəyan etdi, bu ədalətsizliyə qarşı öz səsini ucaltdı"

Həmin gün Moskvada olan Prezident İlham Əliyev isə o günü belə xatırlayır: “Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı”.

Məhz Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu.

Ulu Öndər Heydər Əliyev Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlama tələb etdi. 1990-cı il noyabrında isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Sənəddə respublika səviyyəsində 20 yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi.

20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı.

1994-cü il martın 29-da ulu öndərin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi. Parlamentin qəbul etdiyi qərarda 20 yanvar faciəsinin günahkarları konkret qeyd olundu.

Prezident İlham Əliyev də Qanlı Yanvar faciəsini xalqımıza qarşı  böyük cinayət adlandırıb. Təsadüfi deyil ki, 20 yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət yetirilir.  

Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil,  20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.

Əslində qanlı yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərdi. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı. Təbii ki, gənc nəsil də bu tarixi öyrənməli və heç vaxt unutmamalıdır.  20 yanvar ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Məhz 20 yanvar faciəsi nəticəsində Sovet imperiyası Azərbaycanda özünün bütün siyasi və hüquqi dayaqlarını itirdi.  Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu.  Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya bəyan etdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci il ərazi bütövlüyümüz, 2023-cü ildə isə dövlət suverenliyimizin bərpası ilə Azərbaycan xalqı növbəti dəfə tarix yazdı. Son 5 ildir, Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidlərimizin qanı yerdə qalmadı.