"Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərini rəsmi Hanoyla Bakı arasında münasibətlərdə yeni mərhələ kimi dəyərləndirə bilərik. Son 1 ayda Asiyanın əsas dövləti olan Çinlə Azəbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, ardınca bu regionun ən sürətlə inkişaf edən ölkələrindən sayılan Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində yeni istiqamətləri göstərir. Nəzərə alsaq ki, bu gün Cənub-Şərqi Asiya dünyanın yeni güc mərkəzidir və bu bölgənin də Azərbaycana marağı səbəbsiz deyil. Azərbaycan güclü, etibarlı tərəfdaş kimi diqqət mərkəzindədir. "
Bu sözləri News365.az-a açıqlamasında Millət Vəkili Nigar Məmmədova deyib.
"Vyetnamla əlaqələrə gəlincə, Azərbaycan hər zaman bu ölkəyə dəstək verib. Belə ki, hələ sovetlər dönəmində bu ölkənin ilk prezidenti Ho Şi Minin Azərbaycana səfəri, Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri, Vyetnam Azadlıq Müharibəsində və Vyetnamın birləşməsi prosesində o zaman SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azərbaycanın göstərdiyi dəstək hər zaman yüksək qiymətləndirilib.
Vyetnam xalqı da Azərbaycan xalqı kimi uzun illər təcavüzün, müharibə cinayətlərinin qurbanı olub, amma buna baxmayaraq, öz haqlarını tələb edərək bu mübarizədə qalib olmağı, ərazi bütovlüyü və suverenliyini təmin etməyi bacarıb.
Azərbaycanla Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın perspektivlərini genişləndirməkdədir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Rəsmi Bakı hesab edir ki, səfərin nəticələri uğurlu olacaq və əldə edilmiş razılaşmalar konkret layihələrə çevriləcək.
Vyetnam həm də şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizində çox maraqlıdır. Coğrafi baxımdan iki ölkə arasında məsafənin uzun olmasına baxmayaraq, tərəflər nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarəti stimullaşdırmaq imkanlarını dəyərləndirməkdə qərarlıdır. İki ölkə həmçinin müdafiə və təhlükəsizlik sahələrində əlaqələri fəallaşdırmaq, informasiya təhlükəsizliyi, transmilli cinayətkarlıq və kibercinayətkarlıqla mübarizə sahələrində münasibətləri inkişaf etdirmək barədə razılığa gəlib.
To Lamın səfəri zamanı bir daha aydın oldu ki, Azərbaycanla Vyetnam arasında hər hansı fikir ayrılığı yoxdur. Əksinə, tərəflər bütün məsələlərlə bağlı vahid mövqedən çıxış edir. Bu da qarşılıqlı-faydalı əməkdaşlıq üçün zəmin yaradır." deyə o açıqlamasında qeyd edib.