Azərbaycan IOTA çərçivəsində Vergi Mərkəzlərinin yaradılmasını təklif edib

Azərbaycan IOTA çərçivəsində Vergi Mərkəzlərinin yaradılmasını təklif edib
20 Mar 2025 16:18

Azərbaycan Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) müxtəlif ölkələrdə Vergi Mərkəzlərinin yaradılmasını təklif edib.

News365.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli IOTA-nın rəsmi saytına müsahibəsində deyib.

Qeyd edək ki, O. Nəzərli 2025-ci ilin iyun ayından etibarən IOTA-nın prezidenti vəzifəsini icra edəcək.

O. Nəzərli bildirib ki, prezidentliyi dövründə əsas diqqət IOTA-nın maliyyə dayanıqlığının gücləndirilməsinə, təşkilatın coğrafi əhatə dairəsinin genişləndirilməsinə və əməliyyat səmərəliliyinin optimallaşdırılmasına yönəldiləcək: "Bu məqsədlə bir sıra strateji təkliflər irəli sürülüb və hazırda IOTA-nın müvafiq İşçi Qrupları tərəfindən qiymətləndirilir".

Onun sözlərinə görə, IOTA-nın maliyyə dayanıqlığını artırmaq üçün üzvlük haqlarının hesablanmasında ədalətli metodologiyanın tətbiqi, təşkilatın maliyyə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və investisiya imkanlarının araşdırılması nəzərdə tutulur.

"Təşkilatın qlobal təsirini artırmaq üçün yeni tam və assosiativ üzvlərin cəlb edilməsi planlaşdırılır. Bununla yanaşı, IOTA-nın Nizamnaməsinə dəyişiklik edilməsi təklif olunur ki, assosiativ üzvlər minimum iki il bu statusda olduqdan sonra tam üzvlüyə keçid üçün müraciət edə bilsinlər.

Təşkilatın fəaliyyətinin daha effektiv təşkili məqsədilə tədqiqat qurumları ilə əməkdaşlığın genişləndirilməsi, Vergi Akademiyasının yaradılması və müxtəlif ölkələrdə Çoxtərəfli Vergi Mərkəzləri (MTC) şəbəkəsini idarə edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə strateji tərəfdaşlığın qurulması planlaşdırılır", - DVX-nın rəisi əlavə edib.
 


Sizin reklam burada
Sizin reklam burada