Gənclər azərbaycançılıq ideologiyası çərçivəsində formalaşaraq, dövlətin qarşısında öz vəzifələrini yerinə yetirmək üçün çalışırlar
Azərbaycan
dövlət müstəqilliyi əldə etdikdən sonra gənc kadrların formalaşması mühüm
əhəmiyyət kəsb edirdi. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə yenidən gəldikdən
sonra, gənclərin dövlət strukturlarında işləməsi prioritet oldu. Dövlətin
gələcəyini gənclərdə görməsi, gənc kadrların potensialından istifadə edilməsi
əsas məqsəd idi. Bu baxımdan təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud
olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi
də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın
ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil
alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin
hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı.
İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu
Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış
abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə
qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. Bu dövrdə
gənclərlə bağlı struktur olaraq Azərbaycan dövlətində indiki Gənclər və İdman
Nazirliyi yaradıldı. Bu idarənin formalaşması gənclərin dövlət idarəçiliyindəki
yerini təsdiqlədi.
Heydər
Əliyev hakimiyyətinin əsas nailiyyətlərindən biri 2 fevralın Gənclər Günü kimi
elan olunması oldu. Bu gün gənclərin ictimai fəallığını artırdı, cəmiyyətdə
gənclərin aktivliyini nümayiş etdirdi. Gənclər bu günün qeyd olunmasını özünə
inam və gələcək fəaliyyətə stimul kimi dəyərləndirdilər.
Heydər
Əliyev, Azərbaycanın müstəqil dövlətinin qurucularından biri olaraq, gənclərə
böyük inam və etimad göstərmişdir. O, gənclərin ölkənin gələcəyinin
formalaşmasında əsas rol oynadığını vurğulayırdı. Ulu öndər gənclərin müasir
biliklərə yiyələnməsini, innovativ düşüncə tərzini inkişaf etdirməsini və
cəmiyyətin aktiv iştirakçıları olmasını təşviq edirdi. “Bizim xalqımızın
gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm
də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə
malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır”, - deyə Ulu Öndər Heydər
Əliyev gənclərə olan inamını belə ifadə etmişdir.
Gənclərin
inkişafı üçün müxtəlif proqramlar və layihələr həyata keçirilib, bu da onların
peşəkar və şəxsi inkişaflarına müsbət təsir göstərib. Heydər Əliyev gənclərin
təhsili, mədəniyyəti və sosial fəaliyyəti sahələrində dəstəklənməsini vacib
hesab edirdi. Bu yanaşma, gənclər arasında vətənpərvərlik hissinin güclənməsinə
və Azərbaycanın inkişafında fəal iştirak etmələrinə imkan yaradırdı.
Heydər
Əliyevin gənclərə olan etimadı, onların potensialını dəyərləndirməsi və
liderlik qabiliyyətlərini inkişaf etdirmək üçün yaradılan mühit, müasir
Azərbaycan gəncliyinin formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Ümummilli
liderin dövründə keçirilən forumlar gənclərin milli birliyini gücləndirdi.
Gənclər bu forumlarda gələcək fəaliyyətlərini, xüsusən müxtəlif sahələrdəki
töhfələrini müzakirə edirdilər. Ulu
Öndər Heydər Əliyev gənclərlə bağlı mühüm qanunverici təşəbbüs irəli sürmüşdür.
Ulu Öndər 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında”
Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradılmışdır. Fərmanla
Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə
bağlı tədbirlər planı təsdiq edilmiş, Gənclər və İdman Nazirliyinin nəzdində
Gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradılmışdır.
Gənclərin
təhsili və dövlətin bütün strukturlarında iştirakları mühüm əhəmiyyət
daşıyırdı. Artan bu fəaliyyətlər dövlətin gənclərə olan diqqətinin bariz
nümunəsi idi. Gənclər, dövlətin qayğısını hiss edərək, özlərinin də dövlətçilik
məsuliyyətini üzərinə götürdülər. Hər bir gənc yalnız fərdi yox, milli
məsuliyyət daşıdığını başa düşdü. Gənclər, eyni zamanda, azərbaycançılıq
ideologiyası çərçivəsində formalaşaraq, dövlətin qarşısında öz vəzifələrini
yerinə yetirmək üçün çalışdılar. Bu yolla, gənclər Azərbaycan naminə mübarizə
aparmağı, sosial məsuliyyətlərini yerinə yetirməyi hədəflədilər.
Azərbaycan
gənclərinin dövlətə, vətənə nə qədər, nə dərəcədə sadəqətli olduğunu biz 44
günlük Vətən müharibəsində bir daha gördük. Əlbəttə ki, bu, 20 ilə yaxın
müddətdə Prezident İlham Əliyev tərəfindən gənclər sahəsində həyata keçirilən
işlərin nəticəsi olaraq qiymətləndirilməlidir. Rəşadətli Azərbaycan Ordusunun
sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını
xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti
sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi,
xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik
dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi
hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.
Prezident İlham Əliyev də
Heydər Əliyev siyasətini davam etdirərək, hər zaman gənclərlə əlaqəli bütün
işlərə öz dəstəyini vermiş, gənclər siyasətini prioritet olaraq qəbul etmişdir.
Ölkə başçı tərəfindən gənclərin rifahına xidmət edən bir sıra Dövlət
Proqramları təsdiq edilmişdir. Və praktik olaraq həyatda biz bu Dövlət Proqramlarının
effektiv nəticəsini müşahidə etmişik.
Gənc kadrların önə çəkilməsi də
aparılan fəaliyyətlərdə əsas prioritetlərdən biridir. Bu, yalnız mərkəzi, həm
də regional strukturlarda gənclərin rolunu artırır. Eyni zamanda, gənc
xanımların müxtəlif vəzifələrdə iştirakını da müşahidə etmişik. Qadınlar
aktivliyi də cəmiyyətin inkişafına müsbət təsir göstərir.
Milli
gənclər siyasətimizin konsepsiyası da ondan ibarətdir ki, yeni formalaşan
gənclərin, maksimum səviyyədə millətçi, dövlətçi, öz milli-mənəvi dəyərlərinə
bağlı, Azərbaycanın milli və dövlət maraqlarını hər şeyin fövqündə düşünən bir
gənc kimi yetişməsinə nail olaq. Bu, cəmiyyətin sosial-iqtisadi, elmi-mədəni,
ictimai-siyasi bütün sferalarını əhatə edir. Azərbaycan gənci öz dövlətinə,
xalqına, adət-ənənəsinə, ən əsası da azərbaycançılıq ideologiyasına sadiqdir.
Məhz buna görədir ki, gənclərimizdə milli hislər daha qabarıqdır.
Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
xor ixtisası üzrə müəllimi, Azərbaycan
Respublikasının Əməkdar müəllimi