Vitrindəki qiymətlə kassadakı qiymət fərqi günümüzün ən adi problemlərindən biridir. Supermarketlər istehlakçıları endirim adı ilə aldadır. Sadəlöhv alıcı da vitrindəki qiymətə inanıb, kassada ondan tutulan pula baxmır.
Belə şikayətlər ən çox “Arazsupermarket”lərindən olur.
Təsadüfi deyil ki, ötən gün daha bir alıcı “Arazsupermarket”də aldadılıb. O özünün sosial səhifəsində bu barədə video paylaşıb. Şikayətçi deyib ki, bu hal artıq bir neçə dəfə təkrarlanıb:
"Hər dəfə hansısa malın qiyməti kassada fərqli çıxır, amma bu dəfə fərq o qədər böyükdür ki, mən aldıqlarımın qiymətini cibimə uyğun hesablasam da kassada ödəniş etməyə pulum çatmadı".
Təəssüflə qeyd edək ki digər iri ticarət şəbəkələri kimi “Arazsupermarket”lər şəbəkəsi də istehlakçı hüququnu addımbaşı pozur. Belə pozuntular arasında vaxtı keçmiş məhsullar da, vitrindəki qiymətlə kassadakı qiymətlər arasındakı uyğunsuzluq da var.
Bu günlərdə bir oxucu saytımıza bildirmişdi ki, Sumqayıt şəhəri 6-cı mikrorayondakı “Arazsupermarket”ə girdim:
“Bir neçə mal götürdüm. Baxdım ki, qarabaşağa 3 dəfə endirim var. 3 manat 99 qəpik olan qarabaşaq qutusu 1 manat 30 qəpiyə düşüb. Bir qutu götürdüm. Kassada vurulan çekə baxanda gördüm ki, məndən 3 manat 99 qəpik çıxıblar. Etirazımı bildirdim. Əvvəlcə məni eşitmək istəmədilər. Məcburi şəkildə marketin nümayəndəsini vitrinin yanına apardım. Əlimdəki malla vitrindəki malın eyni olduğunu görəndə nümayəndə bildirdi ki, “işçilər səhv eləyib. Malın qiymətini düz yazmayıblar”. Lakin mənim uzun dirənişimdən sonra etriaf etdilər ki, “qiymətdə endirim olsa da bu sistemə oturdulmayıb. Ona görə də belə olub”.Yəni mən çekə baxmasaydım, təkcə bir malda 2 manat itirəcəkdim”.
Göründüyü kimi “Arazsupermarket” şəbəkəsində hərə bir cür incidilir. Kimsə haqqını tələb edəndə əvvəlcə onu susdurmağa çalışırlar. İş ciddiləşəndə isə deyirlər ki, “şikayət etsəniz satıcını işdən çıxardacaqlar. O da yazıqdır, balası var”.
Yəni pul üçün “Arazsupermarket”lər şəbəkəsi lazım gələndə insanların heysiyyatı ilə də oynayırlar. Bu isə nə əxlaqa, nə də ki, qanuna sığmır.
Videonu bu linkdən izləyə bizərsiniz.
News365.az