Tovuzda anasının imtina etdiyi 2024-cü il təvəllüdlü körpə, martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub.
News365.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq TƏBIB-dən məlumat verilib.
Bildirilib ki, hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.
Xatırladaq ki, 17.03.2025-ci il tarixində saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlı polislər tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.
Qeyd edək ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, Bakıya gətirilən körpə dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.
***
Tovuzda ananın ölümə məhkum etdiyi körpə uşaq xəstəxanasındadır.
Bu barədə News365.az-a “Azərbaycan Uşaqları” İctimai Birliyinin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.
Məlumata görə, bu gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Tovuz rayonunda anası tərəfindən ölümə məhkum edilən və hal hazırda bakıya gətirilmiş uşağı ziyarət edib.
"Qeyd edək ki, hal-hazırda uşağın vəziyyəti ağırdır. Respublika Pediatriya Mərkəzinin həkimlərinin səyi nəticəsində yüksək səviyyədə müalicə olunaraq Mərkəz tərəfindən uşağın bütün ehtiyacları qarşılanır",-deyə R.Zəkizadə bildirib.