Almaniyada Biberax rayonunda (Baden-Vürtemberq federal torpağına aiddir - red.) sərnişin qatarı relsdən çıxıb.
Bu barədə Bild nəşri Ştutqart polisindən aldığı məlumata istinadən xəbər verir.
Nəşrin məlumatına görə, qəza zamanı qatarda təxminən 100 sərnişin olub. İlkin məlumata görə, ən azı bir neçə nəfər yaralanıb. Daha sonra bir neçə nəfərin öldüyü məlum olub.
"Roytlingen (Baden-Vürtemberq torpağı - red.) dispetçer xidməti kütləvi hadisə adlandırılan bir insidentin baş verdiyini bildirib. Çox sayda zərərçəkənin tibbi yardıma ehtiyacı olacağı gözlənilir", - nəşr dəqiqləşdirir.
Qatarın özü də zədələnib. "Bild"in məlumatına görə, vaqonlardan birinin damı ciddi şəkildə deformasiyaya uğrayıb.
Xilasedicilər artıq hadisə yerinə gəlib və hazırda vaqonları yoxlayır, vəziyyəti qiymətləndirirlər.
Hadisə yerinə həmçinin polis əməkdaşları və digər təcili yardım xidmətlərinin işçiləri də gəlib.