“Akademik Zərifə Əliyevanı dərin ehtiramla yad edirik“- Etibar Əliyev

“Akademik Zərifə Əliyevanı dərin ehtiramla yad edirik“-  Etibar Əliyev
16 Apr 2024 13:14

"Hər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixində qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda Oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (yunanca göz) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən - müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir."

Deputat Etibar Əliyev news365.az-a açıqlamasında danışıb.

"Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olub. Elmin ən yüksək zirvəsinə çatmaq üçün mükəmməl təhsil almaq vacib şərtlərdən biridir. Rəhmətlik Əziz müəllimin nəhəng kitabxanasının olmasını söyləyirlər. Əlbəttə ki, kitabxana varsa mütaliə mütləq olmalıdır. 

Zərifə xanım aldığı mükəmməl təhsil və qazandığı yüksək elmi dərəcələr sayəsində Azərbaycanda Oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlər ərsəyə gətirmişdir. Elm tarixçilərinə görə elmi uğurların 3 mahiyyəti mövcudur.

-əldə edilmiş nəticələr həqiqəti ehtiva etməlidir;

-həqiqi nəticələrin əldə olunması ilə yanaşı, həm də həqiqətin aydın istiqaməti, dəqiq metodu və tədqiqatı işlənməlidir;

-əgər əldə olunmuş nəticələrdə həqiqət genişlənirsə, keçmiş biliklər şübhə altına alınmırsa, metodiki irəlililəyiş yaranırsa, elm proqressiv xarakter daşıyır. 

Zərifə xanımın elmi yaradıcılığına diqqət edəndə bu üç mahiyyəti parlaq şəkildə görürük. Azərbaycan Prezidenti İlham Əliyev: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”

Zərifə xanımın elmdə qazandığı uğurlar və Azərbaycanımız üçün iki ləyaqətli övladın böyüdülməsinə sərf etdiyi əmək bir-birini tamamlayıb. 

Texnologiyaların hələ inkişaf etmədiyi bir vaxtda Oftalmologiya sahəsində uğurlu elmi tədqiqatların aparaılması həm də Zərifə xanımın intuisyasının mükəmməliyindən xəbər verir. Müasir dövrün həkimlərinin işinin əsas hissəsini texnologiyalar-cihazlar görür. Ötən əsrdə alimin əsas elmi aləti onun intuisiyası və bilikləri idi. Fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüş, müasir transplantologiyanın banilərindən biri Piter Medavar yazır ki, elmdə qadınların intuisyası kişilərə nisbətən daha genişdir. Və onlar elmdə daha səxavətli olurlar. Professor Medavarın bu postulatı Zərifə xanım Əliyevanın timsalında özünü doğruldur. Təsadüfi deyildir ki, akademik Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında tibb elminə böyük töhfələr vermişdir. 

Ulu öndər Heydər Əliyev: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” Unudulmaz Heydər Əliyevin bu dəyərli və məzmunlu fikri Zərifə xanımın həyatının fəlsəfəsidir. 

 SSRİ vaxtı elmi kəşflər və elm sahələrində irəli sürülən yeni paradiqmaların xaricdə işıqlandırılmasına ciddi maneçiliklər yaradılırdı. Bu baxımdan Sovet tibbi Nobel mükafatı ala bilmədi. Sovet fiziki Vitali Ginzburqa fizika sahəsində Nobel mükafatı 29 il əvvəl etdiyi kəşfə görə verildi. Elm adamlarına isə Nobel mükafatı bəzən Sülh sahəsində verilirdi. 

Bu faktlar onu göstərir ki, Zərifə xanımın da tibb sahəsində Nobel mükafatına namizədliyi irəli sürülə bilərdi. 

Akademik Zərifə xanım Əliyevanın həqiqətə xidmət edən aydın elmi irsi indiki tədqiqatçılar üçün əvəzsiz elmi mənbədir. Və elmdə yorulmadan çalışmağın nümunəvi məktəbidir".

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər