Ağdərənin Həsənriz kəndinə daha 20 ailə köçürüldü - FOTOLAR

Ağdərənin Həsənriz kəndinə daha 20 ailə köçürüldü - FOTOLAR
11 Apr 2025 17:35

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış çərçivəsində daha bir köç karvanı bu gün Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə yola salınıb.

News365.az xəbər verir ki, köçürülən ailələr uzun illərdir ki, respublikanın müxtəlif bölgələrində – əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. Bu mərhələdə kəndə daha 20 ailə – ümumilikdə onlarla sakin yerləşdirilib.

Həsənriz kəndində köçürülən ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri qarşılayıb. Onlara mənzillərin açarları təqdim edilib.

Hazırda kənddə ümumilikdə 70 ailə – 238 nəfər daimi məskunlaşıb. Aprel ayının sonunadək daha 40 ailənin Ağdərəyə köçürülməsi planlaşdırılır.

Qeyd edək ki, Həsənriz kəndində zəruri sosial və kommunal infrastruktur yenidən qurulub. Kənd fasiləsiz elektrik enerjisi, içməli su və təbii qazla təmin olunub. Bu da sakinlərin rahat yaşayışı üçün bütün şəraitin yaradıldığını göstərir.

Vəfa Vəliyeva, News365.az


Sizin reklam burada
Sizin reklam burada