Ağdaban faciəsinin şahidi: “Bu ağrını sözlə ifadə etmək çox çətindir”

Ağdaban faciəsinin şahidi: “Bu ağrını sözlə ifadə etmək çox çətindir”
08 Apr 2025 17:17

Bu gün Ağdaban faciəsindən 33 il ötür. 1992-ci il aprelin 8-də erməni silahlı birləşmələrinin Kəlbəcər rayonunun Ağdaban kəndinə hücumu nəticəsində 40-dan çox dinc sakin amansızcasına qətlə yetirilib, kənd yandırılıb, yüzlərlə ev və tarixi-mədəni abidələr məhv edilib.

Faciənin ildönümü ilə əlaqədar News365.az saytı  hadisənin canlı şahidlərindən biri olan Hüseynov Mütəllim bəy ilə əlaqə saxladı. O, həmin gecə baş verənləri belə xatırlayır:

“1992-ci ilin o qaranlıq gecəsi yaddaşıma silinməz izlərlə həkk olunub. Ağdaban faciəsi bizim ömür boyu unuda bilməyəciyimiz bir faktı. Gözümüzün önündə əzizlərimiz şəhid edildi.

Həmin gün ermənilər kəndimizi amansız atəşə tutaraq, insanları qətlə yetirdilər, evlərimizi yandırdılar. Mən öz gözlərimlə neçə-neçə ailənin məhv olmasını gördüm. Bu ağrını sözlə ifadə etmək çox çətindir.”

Mütəllim bəyin sözlərinə görə, Ağdaban kəndi təkcə bir yaşayış məntəqəsi deyildi, həm də Azərbaycan mədəniyyətinin beşiklərindən biri idi:

“Orada saz ustaları, aşıqlar yaşayırdı. Aşıq Qurbanın, Dədə Şəmşirin ruhu dolaşırdı o torpaqlarda. Bu faciə yalnız bir kəndin deyil, bütün xalqın yaddaşına yazılıb.”

Sonda Mütəllim bəy şəhidlərin ruhuna ehtiramla yanaşaraq bildirib:

“Bu faciə heç vaxt unudulmamalıdır. Biz unutsaq, təkrarlanmaq ehtimalı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin.”

News365.az, Vəfa Vəliyeva


Sizin reklam burada
Sizin reklam burada