ADRA-nın yeni sədrindən GÖZLƏNTİLƏR – AÇIQLAMA + FOTO

ADRA-nın yeni sədrindən GÖZLƏNTİLƏR –  AÇIQLAMA + FOTO
19 Apr 2024 16:41

Prezident İlham Əliyevin aprelin 16-da imzaladığı sərəncamlarla Aydın İbadov Dövlət Reklam Agentliyinin (ADRA) İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Onun yerinə Fərhad Adıgözəlov təyin edilib. O, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində (ABU) maliyyə və kredit üzrə bakalavr, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali, 2005-ci ildə İstehsal və xidmət sahələrinin iqtisadiyyatı, idarə edilməsi ixtisaslaşması üzrə magistr təhsili alıb.

F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə “Azərsığorta” Dövlət Sığorta Şirkətində başlayıb. 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə “Kapital Bank” ASC-də departament direktoru, 2013-2014-cü illərdə maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin sədri, 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini, 2021-ci ilin dekabr ayından Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifələrində çalışıb.

Qısa bioqrafik məlumatdan da göründüyü kimi, ADRA-nın yeni sədri F.Adıgözəlov yüksək təhsil almaqla yanaşı, uğurlu karyera qurmağı da bacarıb. Maraqlıdır, yeni vəzifəsində reklamçıların ondan daha çox gözləntisi nələrdir? Reklamçılar hansı yeniliklərin həyata keçirilməsini, nəyin dəyişməsini istəyirlər?

Azərbaycanda “Reklam haqqında qanun”un müəlliflərindən olan, Ümumdünya Reklamçılar Assosiasiyasını üzvü Cahid Həsənov mövzu ilə bağlı Medianews.az-a bildirib ki, F.Adıgözəlovun ADRA-ya sədr təyinatı bu qurumun gələcəyi ilə əlaqədar nikbin danışmağa imkan verir.

Onun sözlərinə görə, reklamçılar gözləntilərinin yeni sədr tərəfindən həyata keçiriləcəyinə ümidlidirlər: “İnanırıq ki, biz reklam mütəxəssislərinin irəli sürdüyü tələb və təkliflər nəzərə alınacaq, qabaqcıl ölkələrin mütərəqqi yanaşmaları nəhayət bu sahədə reallaşacaq. Hansı ki, ADRA tərəfindən ötən yeddi ildə nəinki açıq məkan reklamlarında irəliləyiş olmadı, hətta geriləmə müşahidə olundu. Demək olar ki, reklamçılıqda bütün istiqamətlər üzrə bu geriləmə müşahidə olundu. Ötən illər ərzində biz peşəkar reklam yaradıcı mütəxəssislər dəfələrlə xüsusi konsepsiya hazırladığımızı ADRA rəhbərliyinə birbaşa, yaxud ictimai formada bildirmişik. Əfsuslar olsun ki, bizim təkliflərimizə, çağırışlarımıza məhəl qoyulmadı. Bizi dinləmək istəyən olmadı. Biz açıq məkanda reklama qoyulan vəsaitin ildən-ilə artmadığını narahatlıqla dilə gətirirdik. Hansı ki, rəsmi açıqlamalarda bildirilirdi ki, il ərzində ortalama beş milyon manat vəsait dövriyyədədir. Bu, gülünc bir açıqlama və məbləğ idi. Çünki bu məbləğ 20 il əvvəl dövriyyədə var idi. Doğurdanmı ötən 20 ildə bu vəsaitin üzərinə 1 manat da olsa əlavə olunmadı? Reallıqları nəzərə alsaq görərik ki, son onillikdə Azərbaycan iqtisadiyyatında böyük inkişaf baş verib. Bu kimi amilləri nəzərə alıb təhlil aparanda aydın olur ki, il ərzində açıq məkanda reklam dövriyyəsi 15-20 milyon manat olmalıdır. Təəssüf ki, bu vəsaitlə bağlı ADRA hər hansı açıqlama vermir, hər şeyi məxfi saxlayırdı. İkinci mühüm məqam reklamlarda Azərbaycan dilinin üstünlüyünə, qayda-qanunlarına riayət edilməsidir. Üzücü haldır ki, bu məsələdə də vəziyyət ürəkaçan deyil. Digər bir mühüm məqam tarixi memarlıq nümunəsi sayılan binalara, obyektlərə qanuna zidd olaraq reklamların vurulmasıdır. Bunun sayəsində tarixi binalar öz görkəmini itirib. Bu əməllərin də qarşısı alınmalıdır”.

Reklam mütəxəssisi C.Həsənov ADRA-nın yeni sədrinin ixtisasca iqtisadçı olmasını xatırladaraq, F.Adıgözəlovun reklam sahəsinə peşəkar iqtisadçı kimi yanaşacağına ümid edib: “Yeni təyin olunan İdarə Heyəti sədri əsl iqtisadçıdır. Reklam sahəsində məhz bu cür peşəkar kadrlara ehtiyac var. Peşəkar reklam mütəxəssislərinin iştirakı ilə hazırlanan Azərbaycan üzrə reklamın inkişafı konsepsiyasını məmuniyyətlə Fərhad müəllimə təqdim edəcəyik. Beynəlxalq təcrübəyə, şəxsi təcrübəmizə əsaslanaraq ona bu işdə hər cür köməklik göstərməyə hazırıq. əsas istəyimiz, dəstəyimiz, təklifimiz budur ki, reklam sahəsində də məhz Azərbaycan brendini formalaşdıraq. Hansı ki, ADRA-nın sabiq rəhbəri Aydın İbadov bununla bağlı heç bir iş görə bilmədi. Dəfələrlə dediyimizə rəğmən, bu istiqamətdə hər hansı addım atılmadı. Bundan başqa, əminəm ki, bu qurumda ciddi yoxlamalar aparılarsa, əvvəlki vaxtda yol verilən nöqsanlar, yeyintilər də üzə çıxacaq. Ölkədə reklamın inkişafı mexanizminə, kadr siyasətinə vurulan zərbə geniş ictimaiyyətə məlum olacaq. Aydın İbadovun, müavinlərinin yarıtmaz işi nəticəsində açıq məkan reklamı sahəsində narazılıqlar yarandı, yeddi minə yaxın iş yeri ixtisara düşdü. Bu, yeddi min ailə başçısı və bir o qədər ailə deməkdir. İşini itirənlər arasında bilavasitə reklamla bağlılığı olan memarlar, dizaynerlər, rəssamlar, mühəndislər və sairlər var. Özü də bu göstəricinin 80 faizi bölgələrin payına düşür. Süni maneələr, yaratdıqları inhisarçılıq sayəsində belə “mənzərə” ortaya çıxdı. Bütün bu kimi faktları nəzərə alaraq, Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm ki, ADRA-nın İdarə Heyətinə peşəkar iqtisadçı kadr təyin edib. Ümid edirəm və inanıram ki, birlikdə bu sahədə mövcud olan çatışmazlıqları aradan qaldıra biləcəyik”.

 


Youtube kanalımız

Oxşar xəbərlər