Adını tarixə yazdıran Şəkili qızı- FOTO

Adını tarixə yazdıran Şəkili qızı- FOTO
09:40
İkinci dünya müharibəsi illərində Sovet ordusunun tərkibində xidmət edən tibb personalı barədə çox yazıblar. Lakin bunlar içərisində əvəzsiz xidmətləri olan Azərbaycan həkimləri və tibb bacılarının adını heç bir dərslik və kitablara yazmırlar.
Azərbaycandan gedən tibb personalı döyüş meydanında, atəş altında, yaralılara tibbi yardım göstəriblər. 1941-1945-ci illərdə tibb bacıları təkcə öz tibbi vəzifələrini yerinə yetirmirdilər, həm də zəruri hallarda əsgərlərlə birlikdə hücuma və ya kəşfiyyata gedirdilər.
Müharibə illərində Azərbaycandan 10 mindən çox qadın - həkimlər, tibb bacıları və tibb briqadaları Sovet ordusuna xidmətə getmiş idi.
1941-ci ildə Kerç-Feodosiya desant əməliyyatı başlayanda 404-cü atıcı diviziyasına daxil olan 483-cü tibb batalyonu 77-ci atıcı diviziyası və digər birləşmələri ilə birlikdə Krıma getdi.
Bunlar içərisində xüsusi ilə seçilən bir gənc qız var idi. O, azərbaycanlı Manafova Ziniyat Qafar qızı idi.
483-cü tibb batalyonuna on səkkiz yaşlı qız gənc tibb işçisi qısa zaman ərzində cəsarəti, qorxmazlığı və atəş altında yaralı əsgərlərə köməyə görə hər kəsin diqqətində idi.
1923-cü ildə Azərbaycanın Nuxa (Şəki) şəhərində anadan olan Manafova Zinyət gənc yaşlarında idmanla məşğul olurdu. 1939-1940-cı illərdə Moskvada Ümumittifaq İdman paradında da iştirak edən Zinyət müharibə elan ediləndən sonra 1941-ci ildə kiçik leytenant rütbəsi ilə xidmətə başlamışdır.
İkinci Dünya Müharibəsi illərində tibb bacısı kimi bir neçə hərbi hospitalda xidmət etmişdir. O, iki dəfə ağır yaralanmış idi.
Onun haqqında xasiyyatnamədə yazılırdı:
“Manafova Ziniyat Qafar qızı nəinki dərmanlar, sarğılar və əməliyyatlarla insanların həyatını xilas edirdi, həm də sərt müharibə dövründə çatışmayan xoş söz və zərif baxışla həyat verirdi əsgərlərə”
Manafova Zinyət Qafar qızı 15-dən çox orden və medallarla təltif edilmişdir. O, 1985-ci ildə “I dərəcəli Vətən Müharibəsi” ordeni ilə təltif olunmuşdur. Eyni zamanda, “1941–1945-ci illər Böyük Vətən Müharibəsində Almaniya üzərində qələbəyə görə” medalı da daxil olmaqla bir çox mükafatlara layiq görülüb.
Müharibədən sonra Zinyət Manafova, İmamverdiyev Kamal Mabud oğlu ilə ailə həyatı qurmuşdur. Müharibədən sonra uzun illər Şəkidə tibb bacısı kimi çalışmış və yerli əhali arasında hörmət qazanmışdır. 2014-cü ildə vəfat etmişdir.
Qeyd edim ki,Krımda Zinyətlə yanaşı Cavahir Hacıyeva və Lətafət Məmmədova da xidmət edib. 1942-ci ilin soyuq qışında Krım Cəbhəsi, Qara Dəniz Donanması və Azov flotiliyasının əsgərləri ilə birlikdə Kerç yarımadasını faşist işğalçılarından azad edən Azərbaycan qızlarının şücaəti nə qədər böyükdür.
Həkim Qönçə Qaragözova, 517-ci diviziyanın tərkibində Şimali Qafqaz Cəbhəsindən Krıma qədər cəbhə xəttini keçdi. Tibb xidmətində mayor rütbəsinə qədər yüksələn Bəyim Əlizadə və qızı Səlimə Əlizadə də Krımdan Berlinə qədər çətin və şərəfli hərbi yol keçiblər.
Çavuş Cəvahir Abbasova əvvəlcə Krımda 55-ci tibb batalyonunda, sonra isə 133-cü Uzaq Şərq Əlahiddə HHM briqadasında xidmət edib. Təzəxanım Cəfərova onunla Uzaq Şərqdə xidmət edib. 1942-ci ildə 19 yaşında çavuş Şəmsiyyə Cəbrayılova döyüş meydanında yaralıları xilas edərkən qəhrəmancasına həlak olub.
“Malaya Zemlya” uğrunda gedən döyüşlərdə fədakarlıq nümunələrini Qırmızı Bayraqlı Dəniz Briqadasının xüsusi taborunun həkim təlimatçısı Leyla Kərimova da nümayiş etdirib.
Smolensk şəhərinin azad edilməsi zamanı Qələbədə 3679 saylı hərbi səhra hospitalının tibb bacısı Nigar Məmmədovanın da əməyi olub.
Qədriyə Səlimov və Bakiyə Gözəlova, Fəridə Vəzirova və Firuzə Seyidova, Mülayim Cəfərova, Dürrə Məmmədova-Kosmodemyanskaya, Rəşidə Qasımzadə, Məryəm Göyçəyeva, Lora Abdullayeva, Firuzə Günəşli, Nabat Həsənzadə və digər qəhrəman xanımlar.
Bunlar barədə yazılar olacaq.

Zaur Əliyev, tarixçi alim

May be an image of 2 people

All react
32

Sizin reklam burada
Sizin reklam burada