Bəzi beynəlxalq razılaşmalardan sonra həm regionda, həm də qlobal miqyasda siyasi vəziyyət ciddi şəkildə dəyişib.
Bu barədə politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatları yeni strateji prioritetlərini müəyyənləşdirərək Yaxın Şərq regionunu əvvəlki illərlə müqayisədə ikinci və üçüncü plana keçirib. Politoloq qeyd edib ki, hazırda Vaşinqton üçün əsas diqqət mərkəzində Yaxın Şərqdən kənarda baş verən proseslər dayanır.
Əlimusa İbrahimov vurğulayıb ki, ABŞ üçün Kuba, Venesuela və Nikaraqua kimi ölkələrlə bağlı məsələlər daha önəmlidir və Vaşinqton eyni vaxtda iki fərqli cəbhədə hərbi qarşıdurmaya girməyi planlaşdırmır. Onun fikrincə, bu reallıq İran tərəfindən də düzgün qiymətləndirilir.
Politoloq əlavə edib ki, Tehran hazırda ABŞ ilə İsrail arasında İran məsələsində ciddi fikir ayrılıqlarının mövcud olduğunu da nəzərə alır. Bu ziddiyyətlər İran üçün müəyyən manevr imkanları yaradır və bəzi rəsmi dairələrin ritorikasının sərtləşməsinə şərait formalaşdırır.
Ə.İbrahimov bildirib ki, İran tərəfi ABŞ-ın hərbi zərbələrdən daha çox danışıqlara üstünlük verdiyini hiss edir və məhz bu səbəbdən ölkə daxilində bəzi qüvvələrin açıqlamaları daha iddialı səslənir. Lakin politoloqun fikrincə, əgər ABŞ doğrudan da İrana qarşı sərt hərbi addımlar atmaq niyyətində olsaydı, Tehranın bu cür ritorika nümayiş etdirməsi mümkün olmazdı.
Ekspert qeyd edib ki, İran rəsmiləri bir tərəfdən ABŞ-ı sərt şəkildə tənqid etsələr də, digər tərəfdən diplomatik kanallar vasitəsilə danışıqlara hazır olduqlarını bildirirlər. Bu isə Tehranın hələ də siyasi dialoqa ümid etdiyini göstərir.