Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
News365.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən imzalanma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, mətbut katibi Murad Fərzəliyev, Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov, Audiovizual sənayenin təhlili və strateji inkişafı şöbəsinin müdiri Rüfət Qarazadə, Azərbaycan Kinematoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov iştirak edib.
Əməkdaşlıq memorandumu Milli Olimpiya Komitəsi ilə Azərbaycan Kino Agentliyi arasında Azərbaycan idmanı və idman nailiyyətlərinin kino vasitəsi ilə birgə təbliğini nəzərdə tutur.
Memorandumun imzalanmasının əsas məqsədi Azərbaycan kinosunda idman və olimpizm mövzusunda bədii, sənədli filmlərin ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prisiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək vəzifələrini özündə birləşdirir.
Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman filmlərinin ölkəmizdə maraqla qarşılandığını bildirib. “Biz bu işə Milli Olimpiya Komitəsi olaraq, çoxdan başlamışıq. Olimpiya çempionlarımız haqqında bir sıra filmlər çəkilib, paytaxda və bölgələrdə nümayiş olunub. İşğaldan azad olunmuş ərazilərdə Olimpiya çempionları ilə birlikdə belə filmləri nümayiş etdirmək builki planımıza daxildir. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəsilə tanıdaq. Film sahəsində “qadınlar idmanda” mövzusu da hər zaman maraq kəsb edir. Bu gün idmanda və həyatda böyük uğur qazanan qadınlar var. Onların keçdiyi həyat yolunun ekranlaşdırılması da maraqlı olardı. Bir sözlə, mövzular zəngindir. İnanıram ki, bundan sonra birlikdə səmərəli işlər həyata keçirə biləcəyik”, - deyə Çingiz Hüseynzadə qeyd edib.
Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov isə idman mövzulu filmlərin çəkilməsinin zəruriliyini bildirib.
Qurum rəsmisi “Turan” Film Festivalının Laçın şəhərində keçiriləcəyini vurğulayıb. Orxan Sadıqov həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan idmançılardan bəhs edən silsilə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.
Çıxışlar başa çatdıqdan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov əməkdaşlıq memorandumu imzalayıblar.
Mərasimin sonunda xatirə şəkli çəkdirilib.