35 ildir ki, dünya azərbaycanlıları 20 Yanvar Ümumxalq Hüzn Gününü qeyd edirlər
1990-cı ilin yanvarı Azərbaycan tarixinin
faciəli, eyni zamanda, taleyüklü səhifəsi oldu. “Qara Yanvar” və ya “Qanlı
Yanvar” kimi tanınan hadisələr azərbaycanlıların milli şüurunda dərin iz
buraxmışdır. Bu tarix azadlıq, müstəqillik və milli ləyaqətin dirçəlişi uğrunda
mübarizənin simvoludur. Qanlı Yanvar qırğınına aparan yol azərbaycanlıların
Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci
ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə,
Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədib. 20 Yanvar
1990-cı il tarixində baş vermiş qanlı qırğın, Sovet İttifaqı rəhbərliyinin
Azərbaycan xalqına qarşı törətdiyi ən böyük cinayətlərdən biridir. Bu hadisə,
Azərbaycan xalqının müstəqillik və azadlıq uğrunda mübarizəsini boğmaq
məqsədilə həyata keçirilib.
20 Yanvar hadisələrindən
əvvəl, Azərbaycan xalqı Sovet hakimiyyətinə qarşı artan narazılıqlarını ifadə
etməyə başlamışdı. Xüsusilə, 1989-cu ilin dekabrında Azərbaycan SSR-in
müstəqillik uğrunda bəyanatlar verməsi və xalqın böyük mitinqlərdə iştirak
etməsi Sovet rəhbərliyinin gözünə batdı. 20 Yanvar günü Sovet ordusu Bakıya
daxil olaraq, silah gücü ilə etirazçıları və mülki əhalini dağıtmağa başladı.
Tanklar, zirehli maşınlar və digər ağır texnika istifadə edilərək, şəhər üzərində
əsl bir terror yaratdı. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20
yanvar 1990-cı il səhər saat 5:30-da radio vasitəsilə Bakı şəhərinin komendantı
V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə
vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda
tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş,
Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə
vəziyyət elan edildikdən sonra isə yanvarın
20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Qanlı
Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın
25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir.
Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər
qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım
maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və
şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan
vurulmuşdu.
Qanlı yanvar
hadisələrindən sonra Bakıda fövqəladə vəziyyətin tətbiqi ilə sovet qoşunları
əsas insan hüquqlarını pozaraq xüsusi qəddarlıqla hərəkət etdilər. 1949-cu il
Cenevrə Konvensiyalarına və Beynəlxalq Hərbi Tribunalın qaydalarına görə,
onların hərəkətləri hərbi cinayətlər anlayışına aiddir. Mülki əhali atəşə,
mülki avtomobillərə tank hücumlarının və xəstəxanalara hücumların qurbanı oldu.
Haaqa Konvensiyası ilə qadağan edilmiş sovet qoşunlarının ofset güllələrindən
istifadə etməsi insanların iztirablarını maksimum dərəcədə artırmağa yönəlmiş
qəddarlığın əlavə təzahürü idi.
Qanlı 20 Yanvar faciəsinə
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider
Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü - yanvarın 21-də
Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla
birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa,
demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika
rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O,
faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib
Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri
cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı
edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin
informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən
Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində
ümid çırağı yandı.
Ulu Öndərin bu çıxışı
onun siyasi mövqeyinin və xalqla birliyinin simvolu oldu. Heydər Əliyev, Sovet
rəhbərliyinin qanlı repressiyalarını kəskin şəkildə tənqid edərək, Azərbaycanın
müstəqillik və azadlıq mübarizəsini müdafiə etdi. Bu çıxış, Azərbaycan xalqının
qəlbində ümid çırağı yandırdı, çünki Heydər Əliyev həmin dövrdə Sovet
İttifaqının mərkəzi hakimiyyətinə qarşı açıq etiraz edərək, xalqın səsini
dünyaya çatdırdı. Onun bu hərəkəti, daha sonra Azərbaycanın müstəqillik yolunda
böyük bir dönüş nöqtəsinə çevrildi. Bu tarixi an, Heydər Əliyevin xalqının
yanında olduğunu və gələcəkdə bu mübarizəni daha da irəlilətməyə çalışacağını
göstərdi.
Qanlı 20 Yanvar faciəsinə
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi, məhz Ümummilli
Lider Heydər Əliyevin siyasi iradəsi və müdrikliyi sayəsində həllini tapdı.
Heydər Əliyev, Sovet
İttifaqının dağıldığı və Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə, 1993-cü
ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bu faciənin
siyasi-hüquqi qiymətinin verilməsi məsələsini gündəmə gətirdi. 20 Yanvar
hadisələri, Sovet rejiminin törətdiyi böyük cinayət olmasına baxmayaraq, həmin
dövrdə Azərbaycanda rəsmi olaraq kifayət qədər yüksək qiymət almamışdı. Lakin
Heydər Əliyev, 1994-cü ildə bu faciəyə verilən qiymət məsələsini ciddi şəkildə
araşdırdı və 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik mübarizəsinin bir
parçası olduğunu vurğuladı.
1994-cü ildə, Heydər
Əliyev 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə
Azərbaycanın Milli Məclisinə müraciət etdi və həmin faciəyə siyasi-hüquqi
qiymət verilməsi haqqında qanun qəbul edilməsi zərurətini irəli sürdü. Bu, həm
də xalqın müstəqillik uğrunda göstərdiyi cəsarətin və fədakarlığın tanınması
idi.
Heydər Əliyev, həmçinin
20 Yanvar şəhidlərinin ailələrinə və yaxınlarına dəstək olmaq məqsədilə müvafiq
sosial yardımların göstərilməsini təmin etdi. O, 20 Yanvar şəhidlərini
Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin qəhrəmanları kimi tanıdı və
onların xatirəsini əbədi olaraq ucaltdı. Ulu Öndər Heydər Əliyevin yolunu
uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca
tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət
ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri
ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial
müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında”
2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət
qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 600 manat
təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri
ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy
Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin
xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə,
20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar
hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.
Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə üzvləri üçün 2023-cü
ildən 600 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün
orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz
pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, habelə
həmin vaxtdan əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata,
220 manata və 150 manata çatdırılıb.
Artıq 35 ildir ki, dünya
azərbaycanlıları 20 Yanvar Ümumxalq Hüzn Gününü qeyd edirlər. 1990-cı ilin
Bakıda baş vermiş qanlı Yanvar hadisələri təkcə Azərbaycan xalqına qarşı deyil,
bütün bəşəriyyətə, humanizmə, şəxsiyyət azadlığına qarşı cinayətdir. 20 Yanvar
qırğını, Azərbaycanın azadlıq və müstəqillik uğrunda verdiyi mübarizənin
qırılmaz simvolu oldu və hər il bu hadisə Azərbaycan xalqı tərəfindən hörmət və
ehtiramla yad edilir.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent